İqtisadi Əməkdaşlıq Təşkilatında ciddi islahatlar aparılmalıdır
04 Fevral 2010 Cümə Axşamı 12:55
2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) Baş Katiblik Azərbaycana keçəcək.
Azərbaycan xarici işlər nazirinin müavini: “İqtisadi Əməkdaşlıq Təşkilatında ciddi islahatlar aparılmalıdır”. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanın İƏT-ə münasibəti olduqca ciddidir: “İqtisadi Əməkdaşlıq Təşkilatının təmsil olunduğu region çox mühüm üstünlüklərə malikdir. İlk növbədə bu ölkələrin coğrafi yerləşməsi, ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olması, təbii sərvətlərlə zənginliyi mühüm əhəmiyyət daşıyır. Amma hesab edirik ki, bu təşkilatın effektliliyi hələ çox aşağı səviyyədədir”.
Nazir müavini bildirib ki, təşkilatın effektiv fəaliyyət göstərməsi üçün mühüm layihələrin hazırlanmasına ehtiyac var: “Azərbaycan hökuməti bu təşkilatda ciddi islahatların aparılmasının tərəfdarıdır və bunu hər zaman açıq şəkildə bəyan edir. Təşkilat 20 ilə yaxındır, fəaliyyət göstərir. Əlbəttə ki, 20 il ərzində müəyyən işlər görülüb. Amma yenə də İqtisadi Əməkdaşlıq Təşkilatının səmərəliliyi artırılmalıdır. İnsanlar görməlidirlər ki, doğrudan da, belə bir təşkilat var və onun fəaliyyəti nəticəsində hansısa işlər görülür”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: