İqdırda keçirilən imzatoplama kampaniyası başa çatıb
16 Yanvar 2010 Şənbə 21:00
Ermənistanla sərhədlərin açılmasına etiraz olaraq toplanan imzalar Türkiyə XİN-ə göndərilib.
İqdırda Ermənistanla sərhədlərin açılmasına qarşı keçirilən imzatoplama kampaniyası başa çatıb. Toplanan imzalar Türkiyə XİN-nə göndərilib. Aksiya iştirakçıları bəyan ediblər ki, Qarabağın işğalı faktı aradan qalxmayınca, sərhədlərin açılmasını istəmirlər.

İqdırda fəaliyyət göstərən "Əsassız erməni iddialarıyla mübarizə dərnəyi" Ermənistanla sərhədlərin açılmasına etiraz olaraq topladıqları 4 min imzanı Türkiyənin Xarici İşlər Nazirliyinə göndərib. Dərnəyin başçısı Göksel Gülbey imzatoplama kampaniyasını Ermənistanla sərhədlərin Dağlıq Qarabağ münaqişəsi çözülmədən açılması ehtimalına etiraz etmələri ilə əsaslandırıb.

Ermənilərin hər zaman beynəlxalq birlik qarşısında işğal etdikləri Azərbaycan torpaqlarından çəkilməyəcəklərini bəyan etdiklərini xatırladan Göksel Gülbey ermənilərin Azərbaycana çox böyük maddi və mənəvi zərər vurduqlarını bildirib.

"Bu sərhəd açılarsa, Azərbaycanın əlindəki böyük təsir imkanlarından birinin itiriləcəyini düşünürük. Bu səbəbdən burada yaşayan insanlar, xüsusilə də dediyim kimi Azərbaycanla qohumluq əlaqələri olan insanlar olaraq indiki mərhələdə bu qapının açılmasına qarşıyıq", - deyə dərnəyinin rəhbəri Göksel Gülbey bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar