Təxminən 20 ilə yaxındır ki, Ermənistan işğalı altında olan Dağlıq Qarabağın çox sayda fotoşəkli İngiltərə Parlamentində nümayiş olunub. Bu barədə Türkiyənin "Cihan" xəbər agentliyi xəbər verib.
Sərgidə təxminən 200 fotoşəkil nümayiş olunub. Frederik Lenqeyk, Klaus Rezinger, Oleq Litvin, Mirnaid Həsənov, İlqar Cəfərov və Elnur Babayev tərəfindən çəkilən şəkillərdə bölgədəki dağıdılmış abidələr, yurdlarından məcburi köçkün düşmüş insanlar, çadır düşərgələri, Xocalı soyqırımı və s. əks olunub. Avropa Azərbaycan Birliyi ("The European Azerbaijan Society") tərəfindən təşkil edilən sərgiyə ingilis millət vəkili Mayk Henkok da qatılıb.
Avropa Azərbaycan Birliyinin direktor köməkçisi Neil Vatson, təşkil etdikləri sərginin bütün Avropa və Amerikada Qarabağ həqiqətlərinin çatdırılması üçün atdıqları addımların bir parçası olduğunu söyləyib. Uzun zamandır həll edilə bilməyən bu problemə beynəlxalq diqqəti çəkmək istədiklərini qeyd edən Vatson bildirib ki, məqsədləri hələ də davam edən Qarabağ faciəsinə diqqət çəkməkdir. "Bu faciə Azərbaycan müstəqilliyini qazandıqdan qısa müddət sonra başladı və 17 ildir davam edir. Qərb mediası bu vəziyyətə göz yumur. Bu sərginin məqsədi də bu faciə barədə Avropaya məlumat verməkdir".
Neil Vatson bundan başqa, bu ilin sonuna qədər Qarabağ problemiylə əlaqədar sənədli film çəkəcəklərini də bildirib. /ANS PRESS/