İndi siz nə təklif edirsiz, sərhədlərin açılmasını?
21 Mart 2013 Cümə Axşamı 10:20
Milli Məclisin deputatı Azay Quliyev Avronest Parlament Assambleyasında məruzə ilə çıxışından sonra sərhədlərin açılmasına dair məsələyə münasibət bildirib.
Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Milli Məclisin deputatı Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Komitəsinin “Şərqi Avropa ölkələrində yoxsulluq və sosial təcridlə mübarizəyə dair” Məruzə layihəsinin müzakirəsində iştirak edib. O, məruzəyə öz irad və təkliflərini bildirib.
ANS PRESS-in “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, millət vəkili məruzədə Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynayada əhalinin 30%-nin milli yoxsulluq xəttindən aşağı həddə yaşaması barədə verilən məlumata etirazını bildirib. Azərbaycanda yoxsulluğun səviyyəsinin 6 faiz olduğunu bildirən A.Quliyev, məruzə hazırlanarkən yoxsulluq səviyyəsi barədə dəqiq informasiyanın götürülməsini və hər tərəfdaş ölkədə əhalinin neçə faizinin yoxsulluq xəttindən aşağıda yaşadığını məruzəyə əlavə edilməsini təklif edib. Millət vəkilinin fikrincə, bu, “hədəfə alınmış problemi daha aydın təsvir etməyə köməklik etmiş olar”.
A. Quliyev, məruzədə göstərilən Şərq Tərəfdaşı ölkələrində qlobal maliyyə və iqtisadi böhran ilə yanaşı, bu ölkələrdə mövcud olan dondurulmuş və ya həll edilməmiş münaqişələrin yoxsulluğun və sosial təcridin ən başlıca səbəblərindən, məcburi köçkünlərin isə yoxsulluq və sosial təcriddən daha çox əziyyət çəkən qrup olduğunu və bunun məruzəyə əlavə edilməsinin vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, “bu münaqişələrin nəticəsində milyonlarla qaçqın və məcburi köçkünlər var və onlar öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər”.
Məruzədə sərhədlərin açılması barədə təklifə millət vəkilinin münasibəti isə bu cür olub:
“Biz cavab axtarmalıyıq ki, nə üçün bəzi tərəfdaş ölkələr arasında sərhədlər bağlıdır. Bunun səbəbi nədir? Mən ümid edirəm ki, bizim hörmətli həmməruzəçilər bu sualın cavabını hər kəsdən daha yaxşı bilirlər. Buna səbəb odur ki, bir ölkə digər ölkənin önəmli ərazisini işğal edib və beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, hələ də hərbi qüvvələrini işğal edilmiş torpaqlardan geri çəkmək istəmir. Bunun nəticəsidir ki, milliyonlarla insanın əsas hüquqları 20 ildir pozulur. İndi siz nə təklif edirsiz? Azərbaycanla Ermənistanın sərhədlərinin açılmasını? Necə?
Bizim Ermənistanla sərhəddimiz yoxdur, bizim sadəcə təmas xəttimiz var. Əgər siz həqiqətən də sərhədlərin açılmasını istəyirsinizsə, onda ilk öncə təmas xətlərini aradan qaldırmaq lazımdır. Yəni Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır. Bəs, Ermənistan buna hazırdırmı? Mən buna əmin deyiləm. İndiki halda, bildirmək istəyirəm ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları və BMT-nin təhlükəsizlik şurası və Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamələr əsasında həll olunmadan sərhədlərin açılması mümkünsüzdür”.
Sonda millət vəkili “Avropa İttifaqını münaqişələr nəticəsində qaçqın və məcburi köçkün olmuş insanların hüquqlarının bərpası üçün xüsusi proqram və layihələr həyata keçirilməsinə səylərini artırmağa”, habelə, “Şərq Tərəfdaşı ölkələrində kütləvi şəkildə və vəhşicəsinə hüquqları pozulmuş insanların sosial problemlərinin həll etmək, onların öz evlərinə geri dönmək və təhlükəsiz yaşamaq hüquqlarının təmin etmək, bununlada onları vətəndaş cəmiyyəti quruculuğunda iştiraka həvəsləndirməyə çağıran” yeni paraqrafların məruzəyə əlavə edilməsini təklif edib.
DOSTLARINLA PAYLAŞ: