İndi əsas suallar Ermənistana ünvanlanmalıdır
04 Mart 2011 Cümə 22:26
Ekspertlər hesab edir ki, İrəvan mövqeyində dəyişiklik etməsə, Soçi görüşündən nəticə gözləməyə dəyməz.
Rusiya prezidentinin təşəbbüsü ilə keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üçtərəfli formatda keçiriləcək sayca 8-ci görüşdən Bakı ilə İrəvanın gözləntiləri də məlum olub. Erməni tərəfi sabah Soçidə keçiriləcək görüşdə hər hansı bir qərarın qəbuluna nail olunacağına inanır. Ölkəsinin bu mövqeyini Ermənistan parlamentinin spikeri Ovik Abramyan açıqlayıb.

Bakıda isə ermənilərin bu nikbinliyini bölüşmürlər. Prezident Administrasiyasının açıqladığı mövqeyə görə, Soçi görüşünün həlledici olması üçün Ermənistanın tutduğu səhv mövqedən çəkilməsi zəruridir. Azərbaycan sülh danışıqlarının davam etdirilməsini vacib sayır, amma hər bir sülh danışığının da bir limiti var. Bakıda vasitəçilərin fəaliyyətindən razı deyillər.

Məsələyə münasibət bildirən xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Minsk qrupunun indiyədək apardığı fəaliyyət demək olar ki, nəticəsiz olub. Nazir müavin hesab edir ki, Ermənistanı sülhə gətirmək üçün hələ lazımi səmərəli fəaliyyət azdır, onlar fəaliyyətlərini artırmalıdır.

Elə ekspertlər də hesab edir ki, indi əsas suallar Ermənistan dövlətinə ünvanlanmalıdır. İrəvan mövqeyində dəyişiklik etməsə, Soçi görüşündən nəticə gözləməyə dəyməz.

Siyasi ekspert Rasim Musabəyov bildirib ki, İrəvan mövqeyində dəyişiklik etməlidir: “İrəvan istəyir ki, ilk olaraq Dağlıq Qarabağa status verilsin. Amma bu, danışıqların bütün fəlsəfəsinə tamamilə ziddir”.

Digər tərəfdən Rusiya, Birləşmiş Ştatlar və Fransanın dövlət başçılarının təşəbbüsu ilə hazırlanan yeniləşdirilmiş Madrid təkliflərinə Azərbaycan münasibətini açıqlasa da, Ermənistan hələ bu günə kimi mövqeyini bildirməyib. Bu isə danışıqların səmərə vermə ehtimalını sıfıra endirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar