İlyas İsmayılov: “Prezidenti qorumalıyıq”
17 Fevral 2010 Çərşənbə 11:40
“Diffamasiya haqqında qanunun qəbulunun əleyhinəyəm”“İlham Rəhimovla münasibətlərimiz haqqında danışmaq istəmirəm”
 Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun APA-ya müsahibəsi

- Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçki ilinin əvvəlində ölkədəki ictimai-siyasi prosesləri necə qiymətləndirirsiniz?

- Mən proseslərə maksimalist yanaşmanın tərəfdarı deyiləm. Biz nə utopiyanın, nə də avantürizmin tərəfdarıyıq, reallıqdan çıxış edən partiyayıq. Bu baxımdan, çalışırıq ki, fəaliyyətimizdə, hadisələrə münasibətdə həmişə reallıqları nəzərə alaq. Reallıq da odur ki, ölkədə inkişafla yanaşı, xeyli problemlər də var. Elə son günlər yağan qar nə qədər problemlərimizin olduğunu üzə çıxardı. Şübhəsiz ki, bu cür problemlər ölkənin ictimai-siyasi həyatının müəyyənləşməsinə birbaşa təsir göstərir. Nəzərə alsaq ki, qarşıdan parlament seçkiləri gəlir, deməli, həm də bu problemlərin mövcudluğu səbəbindən siyasi proseslərdə xeyli canlanma olacaq. Ancaq mən onun tərəfdarı deyiləm ki, nəyisə şişirdək, qabardaq. Çünki bizi izləyən, inkişafımızı istəməyən qüvvələr də var və onlar bu situasiyadan məharətlə istifadə edə bilərlər. Ona görə də hətta danışanda belə, ölçülü-biçili, məsuliyyətli olmağın tərəfdarıyam.

- Razılaşaq ki, əvvəlki illərlə müqayisədə, hazırda ölkədə siyasi proseslər çox ləng gedir…

- Bunun obyektiv səbəbləri var. Vaxt var idi, siyasi proseslər küçələrdə gedirdi - tez-tez mitinqlər, yürüşlər keçirilirdi. İndi isə mübarizə kabinet, parlament müstəvisinə daşınıb. Siyasi proseslərin gedişində əvvəlki aktivlik müşahidə olunmaya bilər, ancaq bu, dayanmayıb, sadəcə fəaliyyət forması dəyişib.

- Bu dəyişikliyin bir nəticəsi olubmu?

- Nəticə birdən-birə ortaya çıxmır ki. Həm də nəticəni kim necə görür, fəaliyyət nəyə hesablanıb, o da önəmlidir. Məsələn, mən hesab edirəm ki, əsas nəticə insanların şüurunda pozitiv dəyişikliyə, inkişafa nail olmaqdır. Uzunmüddətli, keyfiyyətli, mütərəqqi qanunlara əsaslanan, daimi inkişafa aparan bir sistem qurulmasına tərəfdarıq. Elə bir sistem ki, burada istedadlı, özünü realizə etmək imkanı olan da, əli heç yerə çatmayan, aciz vətəndaş da özünü rahat hiss etsin, qorunsun. Hesab edirəm ki, bunun da yolu ədalətli qanunların yaradılmasından və onlara riayət olunmasının təmin edilməsindən keçir.

- Amma siyasi proseslərdə Ədalət Partiyası görünmür.

- Bəlkə kimlərsə görmək istəmir, ancaq Ədalət Partiyası siyasi proseslərdə iştirak edir. Partiya rəhbərliyinə daxil olan şəxslər mətbuatda müntəzəm çıxışlar edirlər, ayrı-ayrı təşkilatlarla görüşlərimiz olur, tədbirlərə qatılırıq. Ola bilsin, daha fəal deyilik. Ancaq bunun özü də elə bir siyasətdir, taktikadır.

- Siz müxalifət mövqeyində olan partiyaya rəhbərlik edirsiniz, amma daha çox müxalifətin yox, Yeni Azərbaycan Partiyasının tədbirlərinə qatılırsınız...

- Hansı tədbirə dəvət edilirəmsə, ora gedirəm. Fərqi yoxdur, bunu YAP təşkil edib, yaxud başqa bir partiya. Əgər biz cəmiyyəti dialoqa, siyasi barışa səsləyiriksə, əməlimizdə də bunu göstərməliyik. İnsanlar bir-birləri ilə yaxınlaşdıqca, ünsiyyətdə olduqca siyasi səbəblərdən yaranmış nifrət aradan götürülər və xoş münasibət yaranar. Biz bir-birimizə düşmən yox, özümüzdən biri kimi baxmalıyıq. Bundan ancaq cəmiyyətimiz udar.

- Bəzi partiyalar arasında seçkiqabağı bloklaşma məsələsi gündəmdədir. Sizin bu partiyalarla yenidən bir araya gəlməyiniz, bir blokda iştirak etməyiniz mümkündürmü?

- Son vaxtlar kimin real müxalifət olub-olmadığı bölgüsünü tez-tez aparırlar. Məncə, bu, yanlış yanaşmadır. Çünki hakimiyyətdə olmayan hər bir siyasi partiya müxalifətdə sayılır. Fərq məsələlərə baxışda, məqsədə çatma üsulundadır. Elə bloklaşmaya, bir yerdə olmaya da məhz bu prizmadan baxmaq lazımdır. Yəni, bloklaşma, birləşmə üçün bir neçə amil vacibdir: siyasət anlayışının özünə münasibət, təşkilatların müstəqillik dərəcəsi, rəhbərlərin şəxsi keyfiyyətləri, həyata və proseslərə baxışları, seçdikləri üslub. Bunlar üst-üstə düşəndə, uyğun gələndə, yaranan birlik də uğurlu olur. Əks halda, keyfiyyətsiz bir şey ortaya çıxır…

- Müavininiz Mütəllim Rəhimli Ədalət Partiyası ilə BAXCP-nin seçki bloku yaratmaq təşəbbüsünü irəli sürüb, digər müavininiz – Elxan Şükürlü isə BQP–nin də bu blokda iştirakını zəruri saydığını bildirib. Belə çıxır ki, hazırkı müxalifət düşərgəsindən yalnız bu partiyalar Sizin əməkdaşlıq standartlarınıza cavab verir?

- Partiyamızda o mühit mövcuddur ki, hər kəs öz fikrini deyə, təklifini irəli sürə bilər. Yekunda bu təkliflər müzakirə olunacaq və qərar veriləcək. Sözsüz ki, qərar qəbul edərkən, biz siyasətə xalqın taleyi kimi baxan, xaricdən və ya hansısa maliyyə mərkəzindən asılı olmayan, bizimlə münasibətdə dürüstlüyü, səmimiyyəti ilə seçilən, yalnız Azərbaycanın işıqlı gələcəyi üçün çalışan partiyalarla bir yerdə olmağa üstünlük verəcəyik.

- Sizin deputat seçildiyiniz dairədən 2010-cu ildə müğənni Tünzalə Ağayevanın namizədliyini verəcəyi söylənir. Namizədliyinizi başqa dairədən irəli sürmək fikriniz varmı?

- Hələlik hansı dairədən iştirak edib-etməməklə bağlı qərarım yoxdur. Seçkilərdə iştirak etmək isə hər kəsin hüququdur. Odur ki, deputatı olduğum dairədən başqalarının seçilmək istəyinə normal baxıram və bu, məni nədənsə çəkindirmir də.

- Siz “Diffamasiya haqqında” qanunun qəbul olunmasının əleyhinə çıxış edirsiniz. Buna səbəb nədir?

- Səbəb odur ki, Avropa Şurasının bir tərəfdən insan hüquq və azadlıqlarının qorunmasından danışması, o biri tərəfdən də belə bir qanunun qəbulunu istəməsi mahiyyətcə bir-birinə zidd proseslərdir. İnsan hüquqlarını qoruyan normaların əsasında insan ləyaqəti durur. Amma “Diffamasiya haqqında” qanunun qəbulu nəinki insan ləyaqətinin qorunmasını təmin edir, əksinə, dolayısı ilə onu alçaldan bir qanuna çevrilir. Söhbət ondan gedir ki, əgər biz insan ləyaqətinin qorunmasından danışırıqsa, ilk növbədə bu anlayışın mahiyyəti haqda doğru təsəvvürümüz olmalıdır. İnsanın iki qiyməti var: mütləq və nisbi. İnsanın mütləq qiyməti onun insan olması faktorundan asılıdır və bu, dinindən, irqindən, cinsindən asılı olmayaraq, hamıya şamil edilir. İnsanın mütləq qiymətindən doğan nemətlərə onun həyatı, səhhəti, şərəfi, ləyaqəti, azadlığı daxildir. Bir də var insanın hüquqi statusu və fəaliyyəti ilə müəyyən olunan nisbi qiyməti. Buraya isə insanın mülkiyyət hüququ, əmək hüququ, siyasi maraqları və s. aiddir. Deməli, insanın mütləq qiymətindən doğan nemətləri də nisbi qiymətindən doğan nemətlərdən daha ciddi qorunmalıdır. Yəni, insanın canı, ləyaqəti, şərəfi onun mal-mülkündən daha üstün tutulmalıdır. Ancaq təklif edilən qanunda böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələrin çıxarılması və onun mülki qaydada həlli tələb olunur. Axı ləyaqətin maddi ekvivalenti yoxdur! Bu, necə müəyyən ediləcək?! Lap tutaq ki, ən yüksək bir məbləğ götürüldü. Axı hər hansı hüquq pozuntusuna qarşı tətbiq olunan tədbirin həm də tərbiyəvi effekti olmalıdır. Yəni, hüquq pozuntusuna yol verən adam, bir növ, intizama dəvət edilməlidir ki, o, bir daha bunu təkrarlamasın. Ancaq gəlin təsəvvür edək ki, bu qanunun qəbulu halında maddi məsuliyyət kimlərə təsir edəcək? Əlbəttə ki, ancaq kasıblara! Deməli, bu qanun imkan verəcək ki, varlılar cəriməni ödəməklə təhqir etdiyi adamı bir daha təhqir etsinlər. Bununla həm də hamının qanun qarşısında bərabərliyi prinsipi pozulacaq. Elə buna görə də mən «Diffamasiya haqqında» qanunun qəbulunun əleyhinəyəm. Biz hansısa bir təbəqənin xüsusi imtiyaz əldə etməsi yox, ümumiyyətlə, insan münasibətlərində yalanın, böhtanın, təhqirin aradan qaldırılması yolu ilə getməliyik.

- ABŞ dövlət katibinin müavini Dağlıq Qarabağ münaqişəsinin həllində “öz müqəddəratını təyin etmə prinsipi”nin də əsas götürülməsini təklif edib. Bu təklifi necə qiymətləndirirsiniz?

- 1985-ci ildə «Daşnaksütyun»un Afinada keçirdiyi qurultayında bircə məsələ müzakirə olunub: Ermənistan ərazisi necə genişləndirilsin? İki təklif irəli sürülüb – Gürcüstandan, yoxsa Azərbaycandan başlamalı? Bir səs çoxluğu ilə ermənilər Azərbaycandan başlamaq qərarını qəbul ediblər. Elə bu qərarı icra etmək məqsədi ilə də Dağlıq Qarabağda terrorçu-separatçı hərəkat başlandı. Deməli, burada hər hansı dövlət qurmaqdan, “millətlərin öz müqəddəratını təyin etmək prinsipi”ndən söhbət gedə bilməz. Çünki bu hüquq xalqlara aiddir. Ermənilər isə bir xalq kimi bu hüquqlarından istifadə edərək, Ermənistan Respublikasını yaradıblar. Hazırda onların İran istisna olmaqla, bütün qonşularına - Türkiyəyə, Gürcüstana və Azərbaycana ərazi iddiaları var. Və bu iddialarını da Azərbaycanda terrorçu-separatçı hərəkat vasitəsi ilə həyata keçirirlər. İndi onlar özlərini “Dağlıq Qarabağ xalqı” kimi təqdim etsələr də, hamı bilir ki, dünyada bu adda xalq yoxdur. Dağlıq Qarabağda isə əsasən iki xalqın nümayəndələri – azərbaycanlılar və ermənilər yaşayıblar. Əgər ermənilərin məntiqi ilə gedilsə, onda gərək Stavropolda, Krasnodarda, Rostovda, Kaliforniyada – bir sözlə, harda ermənilər kompakt şəkildə yaşayırlar, orada - erməni dövlətləri yaradıla.

- Tez-tez problemin müharibə yolu ilə həlli təklifi səslənir. Bu təkliflərə münasibətiniz necədir?

- Biz erməniləri yaxşı tanıyırıq. Onlar əsrlər boyu Azərbaycana və Türkiyəyə qarşı intiqam hissi ilə tərbiyə olunublar. Halbuki, biz onlara qarşı heç bir pislik etməmişik. Türkiyədə də “erməni soyqırımı”, dövlətin ermənini bir millət kimi qırmaq siyasəti olmayıb. Olsaydı, indi Türkiyədə o qədər erməni yaşamazdı. Odur ki, ermənilər böyük bir yalanla bütün dünyanı aldatmaq istəyiblər və zor görməyincə, çətin ki, düz yola gələlər. Ona görə də mən ordumuzun gücləndirilməsinin, yeni superdəqiq, yüksək dağıdıcılıq qabiliyyətinə malik silah və texnikanın alınmasının, ümumi səfərbərlik edilməsinin, mülki əhaliyə də təlimlərin keçirilməsinin tərəfdarıyam. Şəhid olan minlərlə övladımız göstərib ki, bu millət torpağı uğrunda döyüşməyi və ölməyi bacarır. Deməli, milləti döyüşə hazırlamaq lazımdır. Nəinki ermənilər, bütün dünya görməlidir ki, biz müharibə aparmaq əzmindəyik. İmkan verməməliyik ki, Göyçənin, Zəngəzurun taleyini Qarabağ da yaşasın. Vaxtaşırı torpaqlarımızı verə-verə gəlmişik, nəhayət, bu proses durdurulmalıdır. Əslində, ermənilərin ağıllı adamları anlayırlar ki, bu mübarizədə onlar çox şey itiriblər. İndi Dağlıq Qarabağda heç 30 min adam qalmayıb, imkanlılar köçüb gedib. Ermənistanın özündə isə əhali sürətlə azalır. Sovet İttifaqı dağılanda Ermənistanın 3,5 milyon əhalisi vardı. 2002-ci ilin hesabatında bu rəqəm 1 milyon 800 minə düşmüşdü. Bu köç prosesi indi daha sürətlə gedir.

- ATƏT-in Minsk Qrupunun son vaxtlar bu məsələdəki fəallığını nə ilə izah edərdiniz?

- Biz həmişə o mövqedən çıxış etmişik ki, ATƏT bu problemi həll edə bilməz. Əvvəla, ona görə ki, onun qərarları məcburi deyil, tövsiyə xarakteri daşıyır və dövlətlər üçün hüquqi öhdəlik yaratmır. İkincisi də, Minsk Qrupuna həmsədrlik edən hər üç dövlət Ermənistanın müdafiəçisi qismində çıxış ediblər. Baxın, Fransa “erməni soyqırımı”nı tanımamağa görə vətəndaşı cinayət məsuliyyətinə cəlb edən qanun qəbul edib, Ermənistanla hərbi saziş imzalayıb. Rusiya da Ermənistanın strateji hərbi müttəfiqidir, hər ikisi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. ABŞ isə hər il “humanitar yardım” adı altında təkcə Ermənistana yox, həm də birbaşa Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırır. Deməli, bu üç dövlətdən Dağlıq Qarabağ məsələsində ədalətli mövqe gözləmək absurddur. İndi hər üç dövlət tezliklə bu problemi öz maraqlarına uyğun şəkildə həll etmək istəyirlər ki, bu da İslam və türk faktoru, o cümlədən İran məsələsi ilə bağlıdır. Dəqiq bilin ki, bu gün Dağlıq Qarabağın birdəfəlik ermənilərə verilməsinin qarşısını alan yeganə amil Azərbaycan prezidentinin bu məsələdə tutduğu prinsipial mövqe və qardaş Türkiyənin varlığıdır...

- Digər müxalifət liderlərindən fərqli olaraq, Siz bu məsələdə prezidentin tutduğu mövqeyi müdafiə etdiyinizi bildirmisiniz...

- Bəli, bu məsələdə mən dövlət başçısının hələ bir dənə də olsun məsuliyyətsiz, yersiz ifadəsinə rast gəlməmişəm. Nəzərə alsaq ki, beynəlxalq siyasət çox mürəkkəb münasibətlər sistemidir və hərə öz marağına nail olmaq üçün bütün vasitələrə əl atır, onda biz prezidentə olan təzyiqləri də təsəvvür etməliyik. Bu qədər basqılara baxmayaraq, o, geri çəkilmir və hesab edirəm ki, bu da daha çox onun şəxsi keyfiyyətlərinə dəlalət edir. Biz, bir partiya olaraq, onun müharibəyə başlamaq haqda çağırışlarını təqdir edirik və cəmiyyətin bu yöndə səfərbər edilməsində üzərimizə düşən vəzifəni yerinə yetirməyə də hazırıq. İndi prezidentin məmurdan daha çox, xalqın dəstəyinə ehtiyacı var və biz də bu dəstəyi hiss etdirməli, onu qorumalıyıq.

- Rusiyada həbsdə olan oğlunuz Etimad İsmayılovun işi ilə bağlı proses hazırda hansı mərhələdədir?

- Bu mövzuda suallara cavab verməyə çətinlik çəkirəm. Çünki çoxları elə düşünər ki, atayam deyə, oğlumu təmizə çıxarıram. Ancaq bilin ki, oğlumun heç bir cinayəti yoxdur. Əksinə, oğlum işləyən firmaya Çelyabinsk vilayətinin ərzaq korporasiyasının 40 milyon rubl borcu var. Bu borc məhkəmə qərarı ilə də təsdiq olunub. Həmin qərar icraya yönələn kimi, maraqlı şəxsdən ərizə alıblar və oğlumu, o cümlədən firmanın rəhbərini və başqa bir insanı həbs ediblər. Guya, onlar müqaviləni saxta bağlayıblar və məqsədləri də büdcənin pulunu yemək olub. Yaxşı, əgər müqavilə saxta bağlanıbsa, 2 ildir məhkəmə gedir, onda niyə deyilmədi ki, bu saxtadır? Üstəlik, ekspertiza təyin olunub və sübut edilib ki, müqavilə qanunidir. Sadəcə olaraq, bəzi vəzifəli şəxslər öz cinayət işlərini batırmaq üçün Etimadı tutdurublar. Cinayət işinin içində telefon danışıqları var və orada korporasiyanın rəhbəri Şvadçenko başqa cinayətkar yoldaşına açıqca deyir ki, bu işi Etimad İsmayılovun üstünə yıxmaq lazımdır. Məqsəd də odur ki, nəyin bahasına olursa olsun hökm verilsin və bununla da Moskva Arbitraj Məhkəməsinin həmin 40 milyon borcun ödənilməsi ilə bağlı qərarı ləğv edilsin. Buna da hələ nail ola bilmədiklərindən, 2 ilə yaxındır ki, məhkəmə prosesini uzadırlar.

Mən təəssüf edirəm ki, bu qədər hüquq pozuntusuna yol verirlər. Məsələn, “istintaq aidiyyatı”, “məhkəmə aidiyyatı” deyilən anlayışlar var. Yəni cinayət harada olubsa, istintaq da, məhkəmə baxışı da orda keçirilməlidir. Biz deyirik cinayət yoxdur, onlar deyir var. Yaxşı, varsa, bu, Moskvada olub, onda niyə istintaq, məhkəmə Çelyabinskdə aparılır?! Mən, həmçinin bizim çox hörmətli deputatlarımız, ziyalılarımız Rusiya hüquq-mühafizə orqanlarına nə qədər müraciət etdik ki, məhkəmə və istintaq aidiyyatı gözlənilsin, iş Moskvada aparılsın. Çünki vilayətin korrupsiyaya uğramış rəhbərləri işə Çelyabinskdə baxılmasında maraqlıdırlar. Rusiya Konstitusiya Məhkəməsinin qərarı var ki, məhkəmə aidiyyatı, istintaq aidiyyatı pozulmaqla yığılan sübutların hüquqi qüvvəsi yoxdur. Etimadın vəkili hər dəfə bu məsələni qaldırsa da, nəzərə alınmır. Mən Rusiyanı belə görməmişdim. Bu qədər özbaşınalıq olmaz. Ayrı-ayrı yerlərə yalan arayışlar göndərirlər ki, guya, beynəlxalq mütəşəkkil qrup həbs olunub. Axı hüquqdan az da olsa başı çıxan adam bilir ki, beynəlxalq mütəşəkkil qrup o vaxt adlandırılır ki, o, bir neçə ölkənin ərazisində cinayət fəaliyyətində olsun. İttiham edilənlərdən birinin Rusiya, o birinin Azərbaycan vətəndaşı olması beynəlxalq qrup deyil axı.

- Mətbuatda belə məlumatlar yayıldı ki, Etimadın həbsində Putinin dostu İlham Rəhimovun rolu olub. Nədən qaynaqlanır bu məlumatlar?

- Bizim qohumluğumuzu və keçmiş münasibətləri nəzərə alan insanlar təbii olaraq düşünürlər ki, İlham Rəhimov Etimadın azadlığa buraxılması üçün nə isə etməlidir. Bu cəhdləri görmədiklərindən, ola bilsin, belə fikirlər ortaya çıxır. Ancaq mən bunu qətiyyən ağlıma belə gətirmirəm.

- İlham Rəhimovun oğlunuza kömək etməməsinin xüsusi bir səbəbimi var?

- Bilmirəm. Mən münasibətlərimiz haqda danışmaq istəmirəm.

- Amma siz vaxtilə dost idiniz…

- Həyat dinamikdir, insanları, onların maraq və həyata baxışlarını, münasibətlərini dəyişir. Bu gün səninlə dost olanlar sabah başqası ilə dostlaşırlar. Mənim isə heç kimlə şəxsi problemim yoxdur.

- Vaxtilə Sizin ilham Rəhimlini himayə etdiyiniz bildirilir. Onunla hazırkı münasibətlər Sizə necə təsir edir, təəccüblənmirsiniz ki?

- Tək İlham Rəhimovun yox, bir çox istedadlı insanların cəmiyyətdə layiqli yerlərini tutmaları üçün köməyimi əsirgəməmişəm. Çünki bu, həm dinimizin tələbidir, həm də insan kimi borcumuzdur. Ancaq mən heç vaxt heç kimə, o cümlədən övladlarıma belə, himayəçilik etməmişəm. Qismət Allahındır. Keçdiyim həyat yolu da elə olub ki, məni çox az şeylə təəccübləndirmək, mənə təsir etmək mümkündür. Mən nədəsə təəccüblənmirəm, sadəcə yüksək əxlaq və xoş insani münasibət görəndə sevinirəm.

- İlham Rəhimovla münasibətləriniz Etimad tutulmamışdan qabaq pisləşmişdi, yoxsa sonra?

- Xahiş edirəm, bu, şəxsi, daha çox da ailədaxili məsələ olduğundan, bu mövzunu qapadaq...
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar