İlham Əliyev və Angela Merkel üçün bəyanatlarla çıxış ediblər
05 Fevral 2010 Cümə 00:15
İlham Əliyev: “Hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat var”
Fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Angela Merkel Azərbaycan Prezidentini Almaniyada yenidən salamlamaqdan məmnun olduğunu bildirmişdir. Kansler ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin zəruriliyini vurğulayıb.
Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirmişdir ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.
Səfərə dəvətə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya üç il əvvəlki səfərindən ötən müddətdə ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Azərbaycanın dövlət başçısı bildirib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, iqtisadi sahədə əməkdaşlığımız genişlənir.
Azərbaycanda 100-ə yaxın Almaniya şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat var. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır.
Azərbaycan prezidenti bildirib ki, Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulmuşdur və bu, ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: