İlham Əliyev tütün və süd emalı zavodlarının açılışında iştirak edib
08 İyul 2010 Cümə Axşamı 13:20
Dövlət başçısı İlham Əliyevə zavodların iş prinsipi barədə məlumat verilib.
Bu gün prezident İlham Əliyev Zaqatalaya səfəri çərçivəsində “İntertabako” MMC-nin tütün emalı zavodunun açılışında iştirak edib. Prezident müəssisə ilə yaxından tanış olub. Ona bildirilib ki, iki hektardan çox ərazidə inşa olunan zavodun illik emal gücü 3300-3600 tondur. Müəssisədə tütün yarpaqları yenidən nəmləndirilir, didilir, qurudulur və zoğlardan təmizləndikdən sonra uzunmüddətli saxlama imkanına malik xammal istehsal edilir. Hazırda zavodda 75 işçi çalışır, amma yaxın gələcəkdə onların sayının 100 nəfərə çatdırılması nəzərdə tutulub.

Ərazisi 7800 kvadratmetr olan istehsal sahəsində tütün emalının bütün prosesi həyata keçirilir. Müəssisənin istehsal parametrləri təsdiqləyir ki, yaxın gələcəkdə sürətli emal prosesinə keçilməsi nəticəsində zavod rəqabətədavamlı məhsullarını həm daxili, həm də xarici bazara çıxara biləcək. İ. Əliyev müəssisəni işə saldı.

Qeyd edək ki, iqtisadiyyatında tütünçülüyün mühüm yer tutduğu Zaqatalada fəaliyyətə başlayan bu zavod rayonda kənd təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yaradacaq. Eyni zamanda, bu müəssisə ölkədə tütün sənayesinin daha da inkişafında mühüm əhəmiyyətə malikdir. Əgər 2007-ci ildə “İntertabako”nun xətti ilə Zaqatala, Qax və Şəki rayonlarında 102 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilmişdisə, 2010-cu ildə əkin sahələri artırılaraq 950 hektara çatdırılıb. Burada emal olunan tütün əsasən “Virciniya”, qismən də “Berley” sortudur.

Bu gün həmçinin ölkə baçısı Zaqatala süd emalı zavodunun açılışında iştirak edib. İ. Əliyev müəssisə ilə yaxından tanış olub. Bildirilib ki, “Gilan” MMC tərəfindən inşa olunan bu müəssisə öz potensialına və ixrac qabiliyyətinə görə bölgədə mühüm yer tutur. Beş hektar ərazidə yerləşən zavod ölkədəki 5 süd emalı müəssisəsindən biridir. Sutkalıq emal gücü 30 ton olan müəssisədə xarici ölkələrdən gətirilən müasir avadanlıq quraşdırılıb. Zavodun müasir tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri var. Buraya süd Zaqatalanın müxtəlif kəndlərindən gətirilir. Məqsəd Zaqatalada kənd təsərrüfatının və heyvandarlığın inkişafına nail olmaqdır. Südtoplama məntəqəsinə qəbul edilən xammal müəssisədə pasterilləşdirilir və müvafiq məhsulun istehsalı üçün avtomatik olaraq aidiyyəti sexə göndərilir.

Ən yüksək keyfiyyətdə süd məhsullarının istehsalını həyata keçirən zavodda onlarla sakin işlə təmin olunub. Prezident müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar