İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
01 Noyabr 2011 Çərşənbə Axşamı 18:42
Dövlət başçısı iki ölkə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Ergihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ədliyyə naziri Sadullah Ergih Türkiyə Respublikasının prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, nazir kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Sadullah Ergih bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət başçısı Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Sadullah Ergihin ədliyyə naziri vəzifəsinə təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə toxunan prezident İlham Əliyev bunun ölkələrimiz arasında artıq gözəl bir ənənəyə çevrildiyini deyib. Bu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını xatırlayan dövlət başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından toplantının böyük önəm daşıdığını qeyd edib.
Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını qardaş ölkənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
DOSTLARINLA PAYLAŞ: