İlham Əliyev separatçıların Ağdamın adının dəyişdirilməsi cəhdlərindən danışdı
12 Noyabr 2010 Cümə 03:25
İlham Əliyev: “Kəlbəcəri, Laçını, Şuşanı azad edəcəyik və Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq”,
“O gün də gələcək, biz torpaqlarımızı alacağıq”. Bunu Prezident İlham Əliyev Yevlax rayonunda məcburi kbçkünlər üçün salınmış yaşayış kompleksinin açılış mərasimində deyib. Onun sözlərinə görə, indi Azərbaycanın bunun üçün bütün imkanları var. Dövlət başçısı Azərbaycan Ordusunun şəhid hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn mərasimindən də danışıb: “Çox qürurlu bir gün idi, kədərli bir gün idi. Ermənilər 5 ay idi ki, qəhrəman övladımızın meyitini qaytarmaq istəmirdilər. Mən orada dedim, bir də demək istəyirəm, heç bir dində, heç bir ölkədə, millətdə belə qəddarlıq, belə vəhşilik olmamışdır. Yəni, bu, vəhşiliyin son həddidir. Ancaq mən inanırdım ki, biz onları qaytaracağıq və qaytardıq, qəhrəman kimi torpağa tapşırdıq. Onları böyük ehtiramla son mənzilə yola saldıq. Onlar kimi minlərlə, on minlərlə gənclərimiz var ki, bu gün hər an ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdırlar”.
İlham Əliyev deyib ki, rəsmi Bakı Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə həll etməyə çalışır: “Ancaq bu, hələ ki, mümkün deyil. Bunun bir səbəbi var - Ermənistanın hərəkətləri. Yəni, Ermənistan torpaqlarımızı zəbt edib, orada etnik təmizləmə siyasəti aparıb, sonra o yerlərin, rayon mərkəzlərinin, kəndlərin adlarını dəyişdirib. Ancaq bunun heç bir mənası yoxdur, ad dəyişməklə heç nə dəyişmir. Dünyada heç kim o torpaqlarımızı, Kəlbəcəri, Ağdamı onların qoyduqları qondarma adlar ilə çağırmır. Ancaq buna baxmayaraq, biz gərək daha da güclü olaq. Biz güclənirik və gün gələcək torpaqlarımızı azad edəcəyik, Kəlbəcəri də, Laçını da, Şuşanı da. Xankəndidə də Azərbaycan bayrağı dalğalanacaq. Bu, bizim torpağımızdır və bir qarış torpağımızı düşmənə verməyəcəyik”. Prezident qeyd edib ki, hökumət məcburi köçkünlərin yaşayış şəraitini, həyatını yaxşılaşdırmağa çalışsa da, bunlar müvəqqəti xarakter daşıyır: “Bir də demək istəyirəm ki, bu, müvəqqəti məskunlaşma yeridir. Torpaqlar azad olunandan sonra Kəlbəcərdə, Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda, Füzulidə, Cəbrayılda bundan da gözəl evlər tikəcəyik”.
Dövlət başçısı deyib ki, Azərbaycanın qüdrətli, peşəkar, mübariz ordusu istənilən vəzifəni icra etməyə hazırdır: “Bu qədər ki, biz ordu quruculuğuna diqqət göstəririk, son illər ərzində o qədər ki, hərbi gücümüzü artırmışıq, istənilən anda və qısa müddət ərzində ərazi bütövlüyümüzü bərpa edə bilərik. Əminəm ki, düşmən də, bu məsələ ilə məşğul olan tərəflər də bunu bilirlər. Yəni, indiki zəmanədə heç nəyi gizlətmək mümkün deyildir. Yəni, necə gizlətmək mümkündür ki, biz o qədər silah-sursat, texnika alırıq, hazırlıq işləri aparırıq, təlimlər keçiririk. Nə üçün? Ona görə ki, biz torpağımızı qaytarmalıyıq. Biz müharibə şəraitində yaşayırıq. Bu qədər vəsait gedir bu məqsədlər üçün. İndi o vəsait başqa məqsədlərə də yönəldilə bilərdi. Biz bunu da edirik. Mən istəmirəm ki, yenidən qan tökülsün, yenidən qurban verək, yenidən şəhidlər olsun. İstəyirəm, bunu danışıqlar yolu ilə, siyasi yolla, iqtisadi addımlarla həll edək. Bizim əlaqələndirilmiş şəkildə aparılan bütün siyasətimiz bu məqsədi güdür. Biz Ermənistanı bütün kommunikasiya imkanlarından təcrid etmişik. Artıq Ermənistan bir coğrafi və iqtisadi dalandır. Digər tərəfdən, indi bizim də, onların da imkanlarına baxın. Onlar xarici yardım olmadan yaşaya bilmirlər, xaricdən gələn yardımlar, ianələr hesabına yaşayırlar. Nə qədər onlar bu cür yaşayacaqlar? Onlara o pulu əlbəttə ki, elə-belə vermirlər. Onlara pul verənlər tələb edirlər ki, bunu belə et, onu elə et. Azərbaycandan kim nəyi tələb edə bilər?! Azərbaycan müstəqil dövlətdir, ölkəmiz öz xalqının iradəsi ilə idarə olunur”
İlham Əliyev bildirib ki, atəşkəs dövründə Azərbaycanda güclü inkişaf gedib və Ermənistanla aramızda böyük bir fərq yaranıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: