İlham Əliyev Qusar Rayon Mərkəzi Xəstəxanasının açılışını edib
16 Fevral 2012 Cümə Axşamı 19:31
Səhiyyə ocağında yaradılan şəraitlə tanış olan dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev dövlət başçısına məlumat verib ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunub. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilib.
Qeyd olunub ki, ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Respublikamızda səhiyyə xidmətinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilib.
Ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.
Xəstəxana binasının foyesində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin tibb sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotostendlər yaradılıb. Xəstəxanada şüa-diaqnostika, qəbul, təcili tibbi yardım, poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, qadın məsləhətxanası, əməliyyat bloku yaradılıb.
Dövlət başçısı xəstəxananın dördüncü mərtəbəsindəki əməliyyat bloku ilə tanış olub. Məlumat verilib ki, əməliyyat bloku ən son avadanlıqla təchiz olunub. Burada ekspress laboratoriya, reanimasiya zalı, palatalar və intensiv terapiya palataları vardır. Xəstəxanada quraşdırılan avadanlıq inkişaf etmiş ölkələrdə istehsal olunmuşdur. Bu avadanlıq səhiyyə sahəsində müasir tibbi əməliyyatlarda istifadə edilir.
Diqqətə çatdırılıb ki, xəstəxanadakı palatalar ən müasir tələblərə cavab verir. Burada xəstələrin özlərini rahat və təhlükəsiz hiss etmələri üçün geniş imkanlar yaradılıb. Xəstəxanadakı doğum, pediatriya və digər şöbələr də tibb elminin ən son elmi-texniki tələblərinə cavab verən avadanlıqla təmin olunub. Burada onkoloq, nevropatoloq, uroloq, kardioloq və digər həkim otaqları yaradılıb. Xəstəxananın laboratoriyası da yüksək səviyyədə qurulmuşdur. Buradakı müasir avadanlıq laboratoriyada biokimyəvi, bakterioloji və ümumi klinik laborator müayinələr aparmaq üçün geniş imkanlar yaradır.
Qusar Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar verir. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurudur. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açıb. Bu sahənin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə müasir texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bütün bunları bir daha sübut edir.
Səhiyyə ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb. Xəstəxananın həkim-pediatrı Natəvan Xamedova ölkəmizdə, o cümlədən Qusarda bütün sahələr kimi, səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə qusarlılar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
DOSTLARINLA PAYLAŞ: