İlham Əliyev: “Qlobal qaz bazarında Azərbaycanın rolu artacaq”
30 Yanvar 2010 Şənbə 00:25
“Biz qaz hasılatını iki, üç dəfə, bəlkə də daha çox artırmağı planlaşdırırıq”
“Enerji təhlükəsizliyi baxımından Azərbaycan üçün ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir”. Bunu Azərbaycan prezidenti İlham Əluyev Davos şəhərində 40-cı Dünya İqtisadi Forumu çərçivəsində “Qlobal enerji mənzərəsi” mövzusunda iclasda deyib. Azərbaycanın dövlət başçısının sözlərinə görə, ğlkəmiz buna buna nail ola bilib: “Bu gün bizim təbii ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz var. Eyni zamanda, enerji sahəsində davamlı və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının olması da vacibdir. Əgər maraqlar balansı pozularsa, bu, müəyyən problemlər yarada bilər. Bizdən ötrü digər vacib məsələ isə təbii ehtiyatlarımız, xüsusilə də qaz üçün ədalətli bazar qiyməti və müqavilələri imzalayan bütün tərəflərin tam sadiqliyidir. Hesab edirəm ki, enerji təhlükəsizliyi baxımından bu elementlər bütövlükdə istehlakçı və istehsalçılar üçün daha böyük etimad yarada bilər”.
Tədbirin aparıcısının “Növbəti 5-10 il ərzində qlobal qaz bazarında Azərbaycanın rolu nədən ibarət ola bilər və bu bazara çıxışı əngəlləyən hansı maneələr var?” sualını cabavlandıran İlham Əliyev bildirib ki, qlobal qaz bazarında Azərbaycanın rolu mütləq artacaq. Onun fikrincə, nəhəng qaz ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaq: “Bildiyiniz kimi, hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu, bundan sonrakı on illər ərzində həm bizim, həm də ixracat həcmi üçün kifayətdir. Hazırda isə ən mühüm məsələ təbii qazımız üçün etibarlı və üzunmüddətli bazarın təmin edilməsidir. Qeyd etdim ki, artıq şaxələndirilmiş qaz təchizatı sistemimiz vardır. Lakin həmin sistem yalnız bugünkü hasilat həcmini nəql edə bilər. Biz qaz hasılatını iki, üç dəfə, bəlkə də daha çox artırmağı planlaşdırırıq. Onun üçün bizim daha böyük həcmli boru kəmərləri infrastrukturumuz olmalıdır. Əlbəttə, böyük sərmayələri yeni işlənilmə və boru kəmərləri infrastrukturuna yatırmaq üçün biz aydın şəkildə bilməliyik ki, istehlakçılarımız kimlərdir. Həmin ölkələrdə bazarın tənzimlənməsi necə qurulub. Həmin bazarlar bizim üçün etibarlı və uzunmüddətlidir, ya yox. Beləliklə, əminəm ki, bütün bu məsələlər öz həllini tapandan sonra Azərbaycan neft sahəsində olduğu kimi, qaz potensialından da uğurla istifadə edəcək”.
Prezident məlumat verib ki, Azərbaycan qazının alıcıları var: “Azərbaycan hazırda qonşu ölkələrə qaz ixrac edir. Baxmayaraq ki, bu ölkələrdən bəziləri bizdən daha çox qaz hasil edir. Lakin məqsədimiz şaxələndirməni davam etdirmək, yeni bazarlar tapmaqdır, xüsusilə də Avropada. Biz bilirik ki, Avropadan olan alıcılar da şaxələndirmə, yeni qaz təchizatı mənbələri axtarışındadırlar. Hələlik isə Xəzər dənizinin qazı, xüsusilə də Azərbaycanın mavi yanacağı Avropa üçün yeganə qaz mənbəyi ola bilər”.
Prezident İlham Əliyev başqa bir suala cavabında qeyd edib ki, son bir neçə il ərzində Azərbaycanda aparılan islahatlar dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa imkan verib: “İyirmi il bundan öncə Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. O zaman iqtisadiyyatımızın bazar iqtisadiyyatı seqmenti sıfıra bərabər idi. Bu gün ümumi daxili məhsulumuzun (ÜDM) 85 faizi özəl sektorun payına düşür. Biz neft və qazdan əldə etdiyimiz gəlirləri qeyri-enerji sektoruna, ilk növbədə isə sənaye istehsalına yönəltdik. Beləliklə bu gün böhranla və neftin qiymətinin dəyişməsi ilə bağlı yaranan bütün çətinlikləri minimum itkilərlə dəf etməyə nail olmuşuq. Mən 2009-cu ildə Azərbaycanda iqtisadi inkişafı aydın şəkildə əks etdirən bəzi rəqəmləri söyləyə bilərəm. ÜDM-in artımı 9,3 faiz, sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə yalnız 1,5 faiz olmuşdur. 2009-cu ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, müstəqil neft fondumuz daha çox vəsait toplaya bilmişdir. Bu rəqəmlər aydın şəkildə göstərir ki, iqtisadiyyatımız hadisələrin gözlənilməz inkişafına tab gətirə bilir. Təbii ki, biz də iqtisadi böhrandan əziyyət çəkmişik. Lakin biz bütün ehtiyatlarımızı səfərbər etməyə nail olmuşuq”.
Azərbaycanın dövlət başçısının fikrincə, 2009-cu ilin ən mühüm elementlərindən biri də odur ki, regiondakı digər ölkələrdən fərqli olaraq Azərbaycanın milli valyutası dəyərini itirməyib, sabit qalıb: “Bu isə insanların sosial müdafiəsi üçün böyük bir dəstək idi. Neftin bugünkü qiymətləri isə şirkətlər, istehlakçılar və ölkələr üçün münasibdir. Bu cür qiymətlər bizə daha çox sərmayə yatırmağa, daha çox neft və qaz hasil etməyə imkan verir, eyni zamanda, bu, istehlakçılar üçün də məqbuldur. Artıq maraqlar balansı müşahidə olunmaqdadır”.
İlham Əliyev ümid etdiyini bildirib ki, 2010-cu ildə Azərbaycanda nəzərdə tutulan bütün əsas layihələri həyata keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: