İlham Əliyev Qırğızıstan Parlamentinin sədrini qəbul edib
04 İyul 2011 Bazar Ertəsi 17:38
Azərbaycan Prezidenti Axmatbek Keldibekovun səfərinin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı fürsət yaradacağını deyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə müzakirə edilməsi və əlaqələrimizin gələcək inkişafının müəyyənləşdirilməsi üçün yaxşı fürsət yaradacağını deyib.

Qırğız Parlamentinin bu cür böyük heyətlə Dünya azərbaycanlılarının III qurultayında iştirakından məmnunluğunu bildirən Prezident İlham Əliyev bu tədbirin artıq ənənəvi xarakter daşıdığını və azərbaycanlıların dünyadakı diaspor təşkilatlarının mütəmadi olaraq beş ildən bir Bakıda toplantısının keçirilməsinin önəmini qeyd edib. Azərbaycan ilə Qırğız arasında ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişafından danışan dövlət başçısı qırğız rəhbərliyi ilə keçirdiyi görüşləri xatırlayaraq həmin görüşlər zamanı ikitərəfli və regional məsələlərlə bağlı müzakirələr aparıldığını deyib. Parlamentlərarası əməkdaşlığa toxunan İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətə başlamasından sonra bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və ölkələrimizin parlamentlərinin bu təşkilat çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb. Dövlət başçısı Axmatbek Keldibekovun ölkəmizə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Qırğız Respublikası Parlamentinin sədri Axmatbek Keldibekov ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Axmatbek Keldibekov 2008-ci ildə qırğız xalqının böyük yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlət başçısına minnətdarlığını bildirib. Ölkəsində Azərbaycan xalqının ümummilli lideri, böyük siyasi xadim Heydər Əliyevin xatirəsinin həmişə yüksək hörmətlə yad edildiyini qeyd edən Axmatbek Keldibekov ulu öndər Heydər Əliyevin hələ Sovetlər birliyində yüksək dövlət vəzifəsində çalışdığı zaman milli respublikaların maraqlarını həmişə müdafiə etdiyini vurğulayıb. O, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin Qırğız Respublikasına səfərinin və qırğız xalqının tarixi abidəsi olan “Manas”ın 1000 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə iştirakının ölkəsində indiyə qədər böyük ehtiramla xatırlandığını deyib. Axmatbek Keldibekov ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin genişləndirilməsi baxımından böyük imkanların olduğunu vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar