İlham Əliyev: Müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam
03 Fevral 2013 Bazar 14:10
Prezident İlham Əliyev Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində nəqliyyatla bağlı problemlərdən danışıb.
Prezident İlham Əliyev Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində nəqliyyatla bağlı problemlərin həllinin vacibliyini vurğulayıb. "Mən demək olar ki, 2000-ci ildən bu yana bütün Yay Olimpiya Oyunlarında iştirak edirəm. Özüm bilirəm ki, qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə Prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır". ANS PRESS-in məlumatına görə, dövlət başçısı bunu 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasındakı çıxışında deyib. Onun sözlərinə görə, adi vətəndaşları, dövlət başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır: "Mən indi şəhərlərin adlarını çəkmək istəmirəm, amma təcrübəm onu göstərir, əfsuslar ki, nəqliyyat məsələləri demək olar, hər bir vətəndaşı incidir. Adi vətəndaşlar, tamaşaçılar, qonaqlar, turistlər, rəsmi heyətlər saatlarla tıxaclarda qalmağa məcbur olmuşlar. Ona görə, deyə bilərəm ki, oyunları seyr etməyə gələn qonaq üçün bu, ən ağır sınaq olur. Çünki indi başqa şəhərə oyunları seyr etmək üçün gələn qonaq otel nömrələrini əvvəlcədən sifariş edir, ondan sonra istirahət üçün digər yerləri seçir. Ancaq nəqliyyat elədir ki, onu əvvəlcədən proqnozlaşdıra bilmir. Bu vəziyyətlə üzləşərkən əlbəttə ki, bu, insanları çox incidir. Ona görə baxmayaraq ki, son illər ərzində Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox böyük işlər görülüb, yenə də əlavə tədbirlər görülməlidir. İdmançıların və qonaqların rahatlığı üçün xüsusi bir proqram tərtib edilməlidir".

"Digər şəhərlərdə xüsusi zolaqlar ayrılır. Ancaq bu zolaqlar o qədər də səmərə vermir. Digər tədbirlər görülür. Amma bu günə qədər bir neçə Olimpiya Oyunlarının tədbirlərində iştirak etmiş adam kimi səmimi şəkildə deyə bilərəm ki, heç bir yerdə nəqliyyat məsələləri hələ lazımi səviyyədə həll olunmayıb. Hesab edirəm ki, Bakıda keçirilən oyunlar bu sahəyə də öz standartlarını tətbiq etməlidir və ondan sonra Azərbaycan, Bakı standartları digər şəhərlər üçün də nümunə ola bilər. Biz bu məsələyə də kompleks şəklində baxmalıyıq. Əlbəttə, nəqliyyat parkı yeniləşdirilməlidir. Yeni avtobuslar, taksi maşınları gətirilməlidir. Bu məsələyə biz ayrıca baxacağıq", - İlham Əliyev deyib.

Prezident əlavə edib ki, oyunların keçirilməsinə qədər yeni yol qovşaqları istifadəyə veriləcək: "Deyə bilərəm ki, bu layihələr bəri başdan planlaşdırılmışdır. Biz bu layihələri xüsusilə oyunların keçirilməsi üçün nəzərdə tutmuruq. Ancaq əlbəttə ki, tədbirlərin keçiriləcəyi yerlərə rahat gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar