İlham Əliyev müxalifətə mesaj sərt göndərdi
16 Aprel 2011 Şənbə 21:08
İlham Əliyev: “Azərbaycan dövləti güclüdür və dövlətin işinə mane olmaq istəyənlərin qarşısı alınacaq”.
Prezident İlham Əliyev ölkədə iğtişaş törətmək niyyətində olanlara sərt mesaj göndərib. Astarada əhali qarşısındakı çıxışında cənab prezident deyib ki, Azərbaycan dövləti güclüdür və dövlətin işinə mane olmaq istəyənlərin qarşısı alınacaq. Dövlət başçısı bu gün iğtişaş törətmək niyyətində olan qüvvələrin keçmişini də xatırladıb.

O bildirib ki, hazırda o adamların yenə də hansısa işi görmək cəhdləri, hesab edirəm ki, böyük diqqətə layiq deyildir: “Siz bunlara heç əhəmiyyət də verməyin. Bunlar sadəcə olaraq görüntü naminə atılan addımlardır və Azərbaycanda nə sabitliyi sarsıda, nə də Azərbaycanın uğurlu inkişafına xələl gətirə bilər. Çünki o hadisələrdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda vətəndaş müharibəsini başlamış, ondan sonra qorxaqcasına ölkədən qaçmış insanlara ölkəmizin siyasi səhnəsində yer yoxdur”.

Prezident deyib ki, o adamlar artıq tarixin arxivindədir: “Sadəcə olaraq, vaxtaşırı hər hansı bir ölkədə baş verən bir hadisə bunları da nisbətən canlandırır, ruhlandırır. Biz bunu 2005-ci ildə görmüşük. O vaxt MDB məkanında baş vermiş hadisələr bunları da bir növ hərəkətə gətirmişdi. O vaxt da onlar kiminsə təcrübəsini yamsılamaqla məşğul idilər. Narıncı lentləri, bantları biz yaxşı xatırlayırıq. O vaxt da həmin cəhdlər iflasa uğradı. Çünki Azərbaycan xalqı onların hərəkətlərini dəstəkləmədi. Bu dəfə də ümumiyyətlə, bu məsələ ilə bağlı heç danışmağa ehtiyac yoxdur”.

İlham Əliyevin sözlərinə görə, çünki Azərbaycan dövləti o qədər güclüdür, Azərbaycanda ictimai-siyasi sabitlik o qədər möhkəmdir ki, bizim işimizə mane olmaq, Azərbaycanın uğurlu inkişafına zərbə vurmaq istəyən, bəzi hallarda xarici dairələrdən göstərişlər alan ünsürlərə Azərbaycan xalqı çoxdan yox deyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar