İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxış edib
06 Fevral 2010 Şənbə 12:55
Azərbaycan prezidenti "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrdə iştirak edib
Almaniyanın Münhen şəhərində 46-cı Təhlükəsizlik Konfransı davam edir. Bir çox dünya liderlərinin, siyasətçilərin bir araya gəldiyi Münhen şəhərində təhlükəsizlik tədbirləri də gücləndirilib. 50 ölkədən təxminən 300 nazir və hökumət nümayəndələrinin qatıldığı konfransın sonuncu günü tamamilə Əfqanıstandakı təhlükəsizlik mövzusuna həsr ediləcək.
Konfransa qatılan Azərbaycan prezidenti İlham Əliyev "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrdə iştirak edib. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, deputatların, mütəxəssislərin, mətbuat təmsilçilərinin iştirak etdiyi bu nüfuzlu konfransın əsas tədbirlərindən biri olan "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrdə çıxış edən dövlət başçısı hazırda enerji təhlükəsizliyi məsələlərinin dünyada böyük əhəmiyyyət daşıdığını vurğulayaraq Azərbaycanın bu istiqamətdə atdığı addımlardan danışıb.
Prezident İlham Əliyev bildirib ki, neft hasil edən qədim ölkələrdən biri olan Azərbaycanda aparılmış düzgün siyasət nəticəsində nüfuzlu neft şirkətləri ilə irimiqyaslı layihələrin icrasına başlanılıb. 2007-ci ilədək qaz idxal edən Azərbaycan hazırda əsas qaz hasilatçılarından birinə çevrilir. Azərbaycanın enerjidaşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılıb. Azərbaycan enerjidaşıyıcılarının nəqlində şaxələndirmə məsələlərinə böyük önəm verir. Prezident İlham Əliyev Azərbaycanda enerjidaşıyıcılarından əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində görülən işlərdən danışıb.
Dövlət başçısı ölkənin iqtisadiyyatının inkişafına toxunaraq bildirib ki, böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam etdirib. Ötən il Azərbaycanda ümumi daxili məhsul 9 faizdən çox artıb. Prezident İlham Əliyev bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq bildirib ki, münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll oluna bilər.
Müzakirələrdə Almaniyanın RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman, Fransanın AREVA şirkətinin baş icraçı direktoru xanım Ann Laverjon, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq, Rusiya Dövlət Duması sədrinin müavini Valeri Yazev mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonra dövlət başçısı iştirakçıların suallarına cavab verib.
İclasdan sonra isə Azərbaycan prezidenti Münhendə ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq ilə görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mubadiləsi aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: