İlham Əliyev: “Münhen görüşü həlledici olmalıdır”
21 Noyabr 2009 Şənbə 02:20
İlham Əliyev: “Bu görüş də nəticəsiz qalsa, danışıqlara ümidlərimiz tükənəcək və hərbdən başqa yolumuz qalmayacaq”
“Azərbaycan güclü olmasa, Dağlıq Qarabağ məsələsini həll edə bilməz. Çünki beynəlxalq müdaxilələr heç bir nəticə vermir. Əslində, bu müdaxilələr ancaq siyasi xarakter daşıyır”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycan münaqişənin maraqlarına uyğun və ədalətli şəkildə həllində öz gücünə arxalanmalıdır: “Bəzən başqa yerlərdə, başqa ölkələrdə işğalçı beynəlxalq qüvvələr tərəfindən dərhal yerinə oturdulur. Biz bu hadisələri tarixdən görmüşük. Ancaq Azərbaycan torpaqları işğal altına düşəndə beynəlxalq birlik bu qətiyyəti nümayiş etdirmədi”. Azərbaycanın dövlət başçısı bildirib ki, ökəmiz bütün səylərini səfərbər edib. İndi növbə Ermənistanın son addımı atmasına- qoşunlarını işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxarmasına çatıb. İlham Əliyevin sözlərinə görə, belə olmasa, bölgədə vəziyyət gərginləşə bilər.
Prezident İlham Əliyev noyabrın 22-də Ermənistanın dövlət başçısı Serj Sarkisyanla Münhendə keçiriləcək növbəti görüşündən də danışıb. O deyib ki, Azərbaycan tərəfi danışıqlara öz proqramı ilə gedir: “O görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcək. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi var. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək”. Azərbaycan prezidentinin sözlərinə görə, beynəlxalq hüquq normaları ölkəmizin bu hüququnu tanıyır.
İlham Əliyev bildirib ki, 1918-ci ildə İrəvan xanlığı, Zəngəzur mahalının ermənilərə verilməsi ilə Azərbaycan torpaqlarında Ermənistan dövləti yaradılıb. İndi isə Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına cəhd edilir və buna imkan verilməyəcək: “Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq. Bunu biz də deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik. Ona görə, danışıqlarda Ermənistan ciddi addımlar atmalıdır. Onlar addımlar atmalıdır, biz yox. Biz nəyi güzəştə gedəcəyik?! Nəyi zəbt etmişik ki, güzəştə gedək. Biz heç bir güzəştə getməyəcəyik. Bizim güzəştimiz məsələnin sülh yolu ilə həll edilməsidir, vəssalam”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar