İlham Əliyev: Münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında həll edilməlidir
11 Noyabr 2011 Cümə 17:22
Azərbaycan və Macarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Bu gün sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstan Respublikasının Prezidenti Pal Şmitt mətbuata bəyanatlarla çıxış ediblər. Macarıstan prezidenti Pal Şmittin ölkəmizə ilk rəsmi səfərinin tarixi xarakter daşıdığını vurğulayan Azərbaycan prezidenti İlham Əliyev bugünkü danışıqlarda aparılan müzakirələrin Macarıstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiq etdiyini deyib.

Ölkələrimiz arasında siyasi əlaqələrin sınaqdan keçdiyini, dövlətlərimizin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini bildirən prezident İlham Əliyev iqtisadi sahədə də səmərəli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Dövlət başçısı deyib ki, bugünkü danışıqların gedişində regional təhlükəsizlik məsələləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə mövzularından biri olub. Münaqişə öz həllini yalnız beynəlxalq hüquq normaları əsasında tapmalıdır.

Müzakirə olunan mövzulardan birinin də energetika sahəsində əməkdaşlıq məsələsi olduğunu qeyd edən Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Macarıstanın bütün dövrlərdə bu əməkdaşlığa dəstək verdiyini deyib.

Macarıstan dövlətinin başçısı ilə görüşü zamanı humanitar sahədə əlaqələrin də diqqət mərkəzində olduğunu deyən prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Macarıstan ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

Sonda dövlət başçısı bir daha Macarıstan prezidentinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Macarıstan dövlətinin başçısı Pal Şmitt Azərbaycana rəsmi səfərə dəvətə görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Prezident Pal Şmitt vurğulayıb ki, Macarıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Bu gün çox mühüm danışıqların aparıldığını qeyd edən Macarıstan prezidenti deyib ki, ölkəsi kənd təsərrüfatı, suvarma, suyun təmizlənməsi və digər sahələrdə böyük təcrübəyə malikdir.

Bu gün bütün Avropanın diqqətinin enerji ehtiyatları ilə zəngin olan Azərbaycana yönəldiyini vurğulayan prezident Pal Şmitt ölkələrimiz arasında mədəniyyət, təhsil, elm, ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyətindən və perspektivlərindən də danışıb.

Macarıstan prezidenti əmin olduğunu bildirib ki, bu gün imzalanan sənədlər ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə yeni stimul verəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar