İlham Əliyev haqqında yeni kitab təqdim edilib
22 Dekabr 2011 Cümə Axşamı 19:20
Qrem Uilsonun “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” kitabının təqdimatı olub.
Bu gün “Gülüstan” sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, tanınmış müəllif Qrem Uilsonun “Azərbaycan Prezidenti: Onun sülh naminə mübarizəsi və gələcəyə baxışı” (“The President of Azerbaijan: His struggle for peace and vision of the future”) kitabının təqdimatı olub. ANS PRESS “AzərTAc”a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə qazanılmış nailiyyətlərdən bəhs edən “2003-2011-ci illərdə Azərbaycan” adlı videoçarx nümayiş olunub.
Tədbiri açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, xalqımızın tarixində müstəqillik dövrü iki tarixi şəxsiyyətin – ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik fəlsəfəsi bizim əvəzsiz irsimizdir, - deyən akademik Ramiz Mehdiyev, yeni dövrdə bu siyasətin uğurla həyata keçirilməsinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, kitab prezident İlham Əliyevin fəaliyyətinə həsr edilmiş digər əsərlərdən fərqlənir. Prezident İlham Əliyevin milli lider obrazının təsviri ilə yanaşı, Azərbaycanda və onun ətrafında baş verən siyasi proseslərin təfsilatı ilə təsvir edilməsi kitabın əsas cəhətlərindəndir. Əsərin digər əhəmiyyəti onun Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilməsidir.
Sonra kitabın müəllifi Qrem Uilson çıxış edərək dövlət başçısının praqmatik siyasi xadim kimi liderlik xüsusiyyətlərindən söz açıb, əsərin yazılmasını zəruri edən amillərdən danışıb.
Kitab haqqında videoçarx göstərilib. ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Vladimir Doroxin, Türkiyənin Bilkənd Universitetinin prezidenti Əli Doğramacı çıxışlarında kitabın əhəmiyyətindən danışıblar.
DOSTLARINLA PAYLAŞ: