İlham Əliyev: Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır
12 Noyabr 2011 Şənbə 00:04
İlham Əliyev: “Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar”.
Azərbaycan və Macarıstan prezidentlərinin Bakıdakı danışıqlarında regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev macarıstanlı həmkarı Pal Şmittlə birlikdə mətbuata verdiyi bəyanatda deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının mövqeyini Macarıstanın dövlət başçısına çatdırıb. “Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Bizim mövqeyimiz beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar əsasında formalaşıb. Bu münaqişənin həlli əlbəttə ki, yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında olmalıdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməlidir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın torpaqlarından çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpağına qayıtmalıdırlar. Məsələ ilə bağlı kifayət qədər böyük sayda qərarlar verilib. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz ədalətli mövqeyini bildirib. Biz ümid edirik ki, tezliklə bu məsələ beynəlxalq normalar əsasında, Azərbaycanın ərazi bütövlüyü şərti ilə həllini tapacaq”, - İlham Əliyev deyib..
Prezident bildirib ki, Azərbaycanla Macarıstan arasında çox gözəl siyasi əlaqələr var və bu əlaqələr artıq sınaqdan keçib.
DOSTLARINLA PAYLAŞ: