İlham Əliyev Əhmədli və Keşlədə oldu
01 Aprel 2011 Cümə 19:06
Prezident Bakının şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı Xətai və Nizami rayonlarında görülən işlərlə tanış olub.
Bu gün prezident İlham Əliyev Xətai rayonunun Əhmədli kəndində və Nizami rayonunun Keşlə qəsəbəsində olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hazırlanmış sxem əsasında Əhmədli kəndində asfalt örtüyü döşənməsinə ehtiyac olan küçələr barədə dövlət başçısına məlumat verib.

O bildirilib ki, Azərbaycan prezidentinin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə dövlət başçısının verdiyi tapşırıqlar Bakıətrafı kənd və qəsəbələrin hamısında icra olunmağa başlanıb. Xətai rayonunun 15 min sakini olan Əhmədli kəndində 24 min kvadratmetr yol sahəsinə yeni asfalt döşənib. Əhmədli kəndində məhəllədaxili yolların 40 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyünün döşənəcəyi qeyd olunub. Bundan başqa kəndin küçələrində müasir işıqlandırma sistemi qurulacaq, kanalizasiya xətləri çəkiləcək. Qeyd edilib ki, kəndin infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələr şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı dövlət proqramına salınacaq. Əhmədli kəndində müasir xəstəxana və yeni kitabxana binalarının inşa ediləcəyi də nəzərdə tutulub. Kənddə həyata keçirilən abadlıq və quruculuq işləri ilə yaxından tanış olan dövlətimizin başçısı sakinlərlə görüşüb.

Əhmədli kəndinin sakinləri ilə görüşdən sonra İ. Əliyev Nizami rayonunun Keşlə qəsəbəsinə gəlib. Keşlə qəsəbəsinin sxemi əsasında da asfalt örtüyünün döşənməsinə ehtiyac olan küçələr barədə dövlətimizin başçısına məlumat verilib.

Keşlə qəsəbəsində də abadlıq və quruculuq tədbirlərinə yolların əsaslı təmiri ilə başlanılıb. Yararsız vəziyyətdə olan qəsəbədaxili yolların 18 min 200 kvadratmetrlik hissəsinə artıq asfalt döşənib. Yolların qalan 55 min kvadratmetrlik hissəsinə isə yeni asfalt örtüyünün döşənəcəyi qeyd olunub. Keşlə qəsəbəsində də küçələrin işıqlandırılmasına, su və kanalizasiya sisteminin yenidən çəkilməsinə başlanılacaq. Dövlət başçısının tapşırığı ilə qəsəbənin “Qafqaz” yaşayış massivində 600 şagird yerlik yeni məktəb binası inşa olunacaq. Qəsəbədə müasir xəstəxana binasının və təcili yardım stansiyasının tikiləcəyi də nəzərdə tutulur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar