İlham Əliyev Çexiya xalqını təbrik edib
27 Oktyabr 2011 Cümə Axşamı 19:23
Azərbaycan prezidenti İlham Əliyev çexiyalı həmkarına ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Çexiya Respublikasının prezidenti Vatslav Klausu təbrik edib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan-Çexiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu ilin may ayında ölkəmizə səfəriniz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yeni təkan vermişdir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
DOSTLARINLA PAYLAŞ: