İlham Əliyev: Bizə rəqib siyasi qüvvə yoxdur
16 Noyabr 2012 Cümə 19:09
Prezident YAP-ın sıralarının gənclər hesabına daha da genişlənməsini mühüm proses kimi dəyərləndirib.
Bu gün Buta sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi şərəfinə ziyafət təşkil olunub. Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlət başçısı əlamətdar gün münasibətilə partiya üzvlərini təbrik edib. Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salan prezident İlham Əliyev dövlət müstəqilliyimizin ilk illərində ölkədə bütün sahələrdə yaranmış böhrandan, iqtisadi və siyasi tənəzzüldən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş müharibədəki uğursuzluqlardan danışıb.

Prezident İlham Əliyev həmin tarixi dövrdə Azərbaycanda yeni bir siyasi qüvvənin formalaşmasına zərurət yarandığını qeyd edib. Bildirib ki, 1992-ci ilin noyabrında ulu öndər Heydər Əliyev ölkənin nüfuzlu ziyalılarını öz ətrafına toplayaraq Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirib. Partiyanın qarşıya qoyduğu ilk məqsədlərdən biri ölkədə siyasi sabitliyin bərpa edilməsi və xalqın ağır mənəvi böhrandan çıxarılması olub. Yeni Azərbaycan Partiyası qısa zamanda xalq arasında böyük nüfuz qazanıb.

Dövlət başçısı yalnız 1993-cü ildə xalqın tələbi ilə partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin düşdüyü çıxılmaz vəziyyətdən xilas olduğunu vurğulayıb. Ulu öndərin rəhbərliyi ilə başlanan iqtisadi, siyasi, demokratik islahatları Azərbaycanın hazırkı inkişafını şərtləndirən əsas amil kimi səciyyələndirən Prezident İlham Əliyev partiyanın ölkədə ilk dəfə siyasi mübarizə ideyalarını yeni müstəviyə çıxardığını qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, partiyanın yarandığı ilk illərdə ulu öndərin diqqət yetirdiyi əsas məsələlərdən biri yeni milli ideologiyanın formalaşması idi. Ulu öndər bu məsələnin əsas istiqamətlərini müəyyənləşdirdi və bu siyasətin özəyinin azərbaycançılıq fəlsəfəsindən ibarət olduğunu elan etdi. Gənc müstəqil Azərbaycanın siyasi, iqtisadi, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar bu fəlsəfənin dəqiqliyini və doğruluğunu sübut edib.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasətin bünövrəsi üzərində qurulmuş Azərbaycanın bu gün dünyada iqtisadi cəhətdən ən inkişaf edib və siyasi sabitlik baxımından nümunəvi ölkələrdən birinə çevrildiyini diqqətə çatdırıb. Dövlət başçısı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzvlərinin xidmətlərini də qeyd edib.

Prezident İlham Əliyev üzvlərinin sayı 600 minə çatmış partiyanın sıralarının gənclər hesabına daha da genişlənməsini mühüm proses kimi dəyərləndirib. “Azərbaycanın siyasi arenasında bizə rəqib olan siyasi qüvvə yoxdur” deyən prezident İlham Əliyev partiya üzvlərinin bütün dövrlərdə dövlətçiliyə sadiq olmasından, Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdəki rolundan da danışdı. Dövlət başçısı beynəlxalq aləmdə Azərbaycanın dostlarının sayının artmasını, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, xarici ölkələrə investisiya qoyuluşu imkanlarının genişlənməsini, Bakının ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini Azərbaycanın dünyada artan nüfuzunun göstəriciləri kimi səciyyələndirib.

Prezident İlham Əliyev ölkəmiz üçün başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin mövqeyinin dəyişməz olduğunu bir daha bəyan edib.

“Bizim güclü dayaqlarımız–xalqımız, sürətlə inkişaf edən ölkəmiz, dəqiq konsepsiya və proqramlarımız vardır” deyən prezident İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Azərbaycanın gələcək inkişafında rolunun daha da artacağına əminliyini ifadə edib və bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.

Ziyafət geniş konsert proqramı ilə davam edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar