İlham Əliyev: “Biz müqəddəs dinimizə - İslam dininə sadiq olan xalqıq”
23 Dekabr 2011 Cümə 02:28
“Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır”.
2011-ci ilin sonunda Əjdərbəy məscidinin yenidən gözəl bir formada dindarların sərəncamına verilməsi də böyük və əlamətdar hadisədir. ANS PRESS-in AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanq prezidenti İlham Əliyev Əjdərbəy məscidinin əsaslı təmirdən sonra açılışındakı çıxışında deyib. “Bu gün çox gözəl və əlamətdar bir gündür. Əjdərbəy məscidi əsaslı təmirdən sonra istifadəyə verilir, qapılarını dindarların üzünə açır. Bu, çox gözəl və tarixi hadisədir. Əjdərbəy məscidi bizim milli sərvətimizdir. Bu məscid bir əsr bundan əvvəl məşhur xeyriyyəçi hacı Əjdərbəy Aşurbəyov tərəfindən tikilib. Oktyabr inqilabından sonra bağlanmış, 1940-cı illərdə yenidən fəaliyyətə başlayıb. Ancaq son illər ərzində məscidin həm xarici görünüşü, həm daxili vəziyyəti böyük vəsait tələb edirdi. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan vəsait ayrılıb və məscidin əsaslı təmiri işləri başlanıb. Mən təmir gedən zaman vəziyyətlə dəfələrlə tanış olmuşdum və ondan sonra hörmətli şeyx həzrətlərinin təklifi ilə məscidin sahəsi böyük dərəcədə genişləndirilib. Deyə bilərəm ki, bu gün məscidin sahəsi əvvəlkindən ən azı 10 dəfə böyükdür. Burada bütün təmir və yenidənqurma işləri böyük zövqlə, böyük məhəbbətlə həyata keçirilib”, - dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan xalqı öz dini və tarixi ənənələrinə çox sadiqdir. Onun sözlərinə görə, dinimiz, tariximiz, milli mənəvi dəyərlərimiz bizim üçün müstəsna əhəmiyyət kəsb edir. İlham Əliyev məlumat verib ki, hazırda xalqımız üçün çox böyük mənəvi dəyər daşıyan Şamaxı Cümə məscidində yenidənqurma, bərpa işləri aparılır: “Şamaxı Cümə məscidi Azərbaycanın ən qədim məscididir. 743-cü ildə tikilmiş məscid ondan sonra təbii dağıntılara, zəlzələyə məruz qalmışdı, onun bir hissəsi dağıdılmışdı, ondan sonra bərpa edilib. 1918-ci ildə ermənilər tərəfindən Şamaxı məscidi dağıdılıb, yandırılıb. Ancaq yenə də Şamaxı məscidi bir dini ocaq, tarixi memarlıq abidəsi kimi yaşayırdı və bizim qəlbimizdə yaşayırdı. Şamaxı Cümə məscidinin bərpası bizim müqəddəs borcumuz idi. Mən çox şadam ki, bu gün biz bu işlərə başlamışıq, dövlət tərəfindən vəsait ayrılıb. Mən dəfələrlə təmir-tikinti işləri ilə maraqlanmışam. Şamaxı Cümə məscidi yəqin ki, bütün təmir-tikinti işləri başa çatdıqdan sonra Azərbaycanın ən böyük, ən möhtəşəm məscidlərindən biri olacaq. Xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Gəncədəki İmamzadə tarixi-dini kompleksinin yenidən qurulması prosesi gedir. Əminəm ki, yaxın gələcəkdə biz İmamzadənin yenidən açılışını bərabər qeyd edəcəyik”.
Prezident bildirib ki, Azərbaycanda 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son 8 il ərzində Azərbaycanda 117 məscid tikilmişdir. Onların bir hissəsi dövlət, bir hissəsi dini icmalar, bir hissəsi isə Heydər Əliyev Fondu tərəfindən tikilib və təmir edilib: “Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı öz dini və mənəvi ənənələrinə sadiq olan xalqdır. Biz hesab edirik ki, bu sahədə işlər daha da sürətlə aparılmalıdır. Azərbaycanda din, vicdan azadlığı tam şəkildə təmin edilib. Biz müqəddəs dinimizə - İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq”.
İlham Əliyev təəssüflə qeyd edib ki, bəzi hallarda İslam dininə qarşı ədalətsiz hücumlarla, islamofobiya meyilləri ilə rastlaşırıq, bəzi kütləvi informasiya vasitələrində İslam dininə qarşı böhtan kampaniyaları aparılır: “Əlbəttə, biz bütün bu xoşagəlməz hallara dərhal reaksiya verməliyik və veririk, sübut edirik ki, İslam dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət dinidir. Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı İslam dinində təmsil edilir. Yəni, İslam dini bütün gözəl ümumbəşəri dəyərləri ehtiva edir. Həqiqət bundan ibarətdir. Ancaq, əfsuslar olsun ki, İslam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz həm bu yalan, böhtan üzərində qurulmuş kampaniyaları dağıtmaq üçün, həm öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq, eyni zamanda, bizim birliyimiz - İslam dünyasının birliyi, birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər”.
“Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır. Bunlar Azərbaycanın reallıqlarıdır və dünya xəzinəsinə verdiyimiz töhfələrdir. Mən hesab edirəm ki, bizim təcrübəmiz hələ ki, lazımi səviyyədə öyrənilməyib. Əgər öyrəniləcəksə mən tam əminəm ki, bizdə mövcud olan vəziyyət nümunə kimi istifadə oluna bilər”, - prezident deyib.
DOSTLARINLA PAYLAŞ: