İlham Əliyev: Biz insanların xidmətində olmalıyıq
21 İyun 2012 Cümə Axşamı 00:14
İlham Əliyev: Mən öz vəzifəmi belə başa düşürəm və bu doqquz il ərzində belə işləmişəm.
“Mən əminəm ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi və infrastruktur məsələləri öz həllini tapacaq. Qarşıya məhz belə vəzifə qoyulub. Əminəm ki, biz bu məqsədə çatacağıq, bu vəzifəni icra edəcəyik. Çünki bu günə qədər qarşımıza qoyduğumuz bütün vəzifələr keyfiyyətlə və vaxtında icra edilib”. ANS PRESS-in məlumatına görə, bunu Ahərbaycan prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib.
Dövlət başhçısı deyib ki, əgər ölkəmizin ümumi sosial və iqtisadi göstəricilərini təhlil etsək, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkənin olmadığını görərik: “Bütün iqtisadi göstəricilər buna dəlalət edir. Ölkənin iqtisadiyyatı üç dəfə artıb. Sənaye potensialı da üç dəfə artmışdır. Yoxsulluq beş dəfə azalıb. İşsizlik əhəmiyyətli dərəcədə azalmışdır və bu gün inkişaf etmiş ölkələrdə olan səviyyədən aşağıdır - 5,4 faizdir. Bu illər ərzində ölkəmizdə bir milyondan artıq iş yeri açılmışdır. Bu iş yerlərinin mütləq əksəriyyəti daimi iş yerləridir”.
İlham Əliyev xatırladıb ki, bir neçə ildir dünyada maliyyə və iqtisadi böhran davam edir: “Bu böhranın növbəti dalğası başlanıb. Ancaq nə 2008-2009-cu illərdə, nə də ki, indiki dövrdə Azərbaycanda bu böhranın fəsadları hiss edilmədi. Azərbaycan vətəndaşlarının maddi rifahı yüksəldi. Azərbaycanda maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi məsələləri həll olunur. İnkişaf etmiş ölkələrdə böhran nəticəsində işsizlik, sosial ədalətsizlik artır, kütləvi iğtişaşlar artıq gündəlik xarakter alıb. Kütləvi ixtisarlar baş verir. Əmək haqları, pensiyalar kəsilir. Azərbaycanda isə biz bunun əksini görürük. Azərbaycanda sürətli inkişaf, bütün sektorlarda müşahidə olunan canlanma, ildən-ilə sosial məsələlərin həllində əldə edilmiş uğurlar, pensiyaların, əmək haqlarının qaldırılması və keçən il pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması həm sosial ədalət prinsiplərinə uyğundur, eyni zamanda, insanların maddi rifahını yaxşılaşdırmaq üçün çox ciddi vasitədir”.
Prezident əminliyini ifadə edib ki, Azərbaycanın gələcək iqtisadi inkişafı çox müsbət olacaq: “Çünki artıq əldə edilmiş təcrübə və nəticələr bunu deməyə əsas verir. Bizim strateji baxışlarımız da ölkəmizin hərtərəfli inkişafına yönəldilib. “Azərbaycan: 2020” Proqramı və Dövlət Konsepsiyası hazırlanıb. Eyni zamanda, 2013-2023-cü illəri əhatə edən gələcək inkişaf proqramının konturları artıq müəyyən edilib. Bir müddət bundan əvvəl mən qarşıya vəzifə qoymuşam ki, 2013-2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına iki dəfə artmalıdır. Bu, nəticə etibarilə Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil edəcək. Vəzifə məhz belə qoyulub, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Qarşıya bu vəzifə qoyulub və biz bu vəzifəyə çatacağıq”.
Dövlət başçısı bəyan edib ki, ölkəmizin gələcək inkişafı ilə bağlı cəmiyyətdə də heç bir fikir ayrılığı yoxdur: “Cəmiyyət, Azərbaycan vətəndaşları təşəbbüslərimizi dəstəkləyir, aparılan siyasəti bəyənirlər. Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, iqtisadi inkişaf bizim ümumi siyasətimizin təzahürüdür. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ancaq inkişaf özlüyündə həm ölkənin güclənməsinə gətirib çıxarmalıdır, eyni zamanda, ilk növbədə insanların rifah halını yaxşılaşdırmalıdır. Bizdə, Azərbaycanda bu istiqamətdə işlər görülür. İqtisadi islahatlar bəzi hallarda çox böyük çətinliklər gətirir. Köklü iqtisadi islahatlar, xüsusilə böyük məhrumiyyətlərlə müşayiət olunur. Biz köklü iqtisadi islahatlar aparmışıq. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrünü uğurlu qət etmişik və sosial məsələlər bu müddət ərzində daim diqqət mərkəzində idi”.
İlham Əliyev deyib ki, qəsəbələrdə təkcə yol, qaz, işıq, su problemləri deyil, eyni zamanda, işsizlik, məşğulluq məsələləri də öz həllini tapmalıdır: “Bu məqsədlərə çatmaq üçün bir daha demək istəyirəm ki, bizdə həm güclü iradə var, həm də imkanlar vardır. Bu məsələləri yerlərdə icra edən qurumlardan da çox şey asılıdır. Bütün qurumlar, şəhər İcra Hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyi, yerli icra orqanları bu vəzifələrə çox vicdanla yanaşırlar. Əminəm ki, bu yanaşma Proqramın sonuna qədər və ondan sonrakı dövrdə də davam edəcək. Çünki bizim vəzifəmiz xalqa xidmət etməkdir. Biz - dövlət işində işləyən insanlar Prezidentdən tutmuş, ən aşağı səviyyəli məmura qədər insanların xidmətində olmalıyıq. Mən bu vəzifəni, öz vəzifəmi belə başa düşürəm və bu doqquz il ərzində belə işləmişəm. Hər kəsdən də bunu tələb edirəm, vicdanla işləmək, peşəkarlıqla xalqa xidmət etmək, ölkəmizi gücləndirmək, doğma Vətənimizi çiçəkləndirmək lazımdır. Bizim işimizdən çox şey asılıdır. Bugünkü Azərbaycan xalqı zəhməti hesabına güclənir. Əlbəttə ki, xalq tərəfindən dəstəklənən iqtidar bu inkişafı öz siyasəti ilə şərtləndirir”.
DOSTLARINLA PAYLAŞ: