İlham Əliyev: "Biz burada tarix yazırıq"
14 Sentyabr 2010 Çərşənbə Axşamı 17:45
AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalandı.
Bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Trayan Besesku, Gürcüstan prezidenti Mixail Saakaşvili və Macarıstanın baş naziri Viktor Orbanın görüşü olub. Prezident İlham Əliyev “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRİ) layihəsinə həsr olunmuş görüşü açaraq, qonaqları salamlayıb. Dövlət başçısı Azərbaycanda neft və qaz hasilatının tarixi haqqında danışaraq bildirib ki, ölkəmiz dünyada neft hasil edən ilk ölkələrdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft və qaz yataqlarının işlənməsində beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb.
Azərbaycanın enerjidaşıyıcılarının ixracında şaxələndirmə siyasətinə üstünlük verdiyini diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, neftin və qazın müxtəlif istiqamətlərdə nəqli üçün ölkəmizdə yaxşı infrastruktur yaradılıb, yeni boru kəmərləri çəkilib. “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” layihəsinin enerji sahəsində əməkdaşlıqda yeni mərhələ açdığını vurğulayan prezident İlham Əliyev layihənin böyük potensialı olduğunu deyib.
Gürcüstan prezidenti Mixail Saakaşvili regional enerji əməkdaşlığında Azərbaycanın rolunu xüsusi vurğulayıb və enerjidaşıyıcılarının nəqlində Gürcüstanın tranzit rolu barədə danışıb.
Öz növbəsində Rumıniya dövlət başçısı Trayan Besesku AGRİ layihəsinin ölkəsi üçün əhəmiyyətindən söhbət açaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bu layihəyə qoşulmağın ölkəsi üçün əhəmiyyətini vurğulayan Macarıstanın baş naziri Viktor Orban isə ölkəsinin AGRİ layihəsində fəal iştirak etməyə hazır olduğunu qeyd edib.
Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Trayan Besesku, Gürcüstan prezidenti Mixail Saakaşvili və Macarıstanın baş naziri Viktor Orban AGRİ layihəsinə dair Bakı Bəyannaməsini imzalayıblar. Görüşdən sonra dövlət və hökumət başçıları birgə mətbuat konfransı keçiriblər.
Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev ölkələrimizin yaxşı işləyərək müsbət nəticəyə nail olduğunu qeyd edib: "Biz böyük inkişafın ərəfəsindəyik və bizim güclü iradəmiz var. Azərbaycanın enerji sahəsində nadir təcrübəsi var və tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin də həyata keçirilməsinin vacib şərtidir. Biz burada tarix yazırıq, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri var və bu kəmərlər ölkəmizin neft və qazını müxtəlif istiqamətlərə nəql edir".
Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Milli təhlükəsizliyin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi indi dünyada vacib amildir. Azərbaycanda bu il 28 milyard kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlət başçısı yerli tələbatın ildə 10-11 milyard kubmetr təşkil etdiyini vurğulayıb. Prezident bildirib ki, qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur. Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır.
“Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacağını deyən prezident İlham Əliyev bundan sonra layihənin texniki əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışıb, bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd edib.
Azərbaycan tərəfinə yüksək təşkilatçılığa görə təşəkkürlərini ifadə edən Gürcüstan dövlət başçısı Mixail Saakaşvili bildirib ki, hər dəfə Bakıya gələndə yeniliklər görür. Bu da onu göstərir ki, Azərbaycanın inkişafı ilk növbədə xalqın rifahına xidmət edir. Gürcüstanın dövlət başçısı AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcək.
Rumıniya prezidenti Trayan Besesku bildirib ki, bu layihənin icrası Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcək. “Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir”, - deyən Trayan Besesku bildirib ki, layihə öz nadirliyi ilə səmərəliliyə əsaslanır və o, heç bir siyasi qərara söykənmir.
Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Trayan Besesku bildirib ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaq. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaq.
Macarıstanın baş naziri Viktor Orban Azərbaycana gəlməkdən şad olduğunu deyib. Layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcəyinə və Macarıstanın bu layihəyə sadiq qalacağına əmin olduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: