İlham Əliyev bəzi müxalifət partiyalarını ittiham etdi
12 İyul 2012 Cümə Axşamı 01:28
“Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar”.
““Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bizə imkan verdi ki, ölkəmizi dünyaya olduğu kimi təqdim edək. Ancaq sözün düzü, keçən il bizim istedadlı gənc müğənnilərimiz Almaniyada keçirilən müsabiqədə qalib gəldikdə heç təsəvvür edə bilməzdik ki, bu müsabiqə bu qədər siyasiləşdiriləcək”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədəki çıxışında deyib. Onun sözlərinə görə, bu vaxta qədər müsabiqə sadəcə olaraq mahnı yarışması idi, bunun heç bir siyasi tərəfi olmamışdı və ola da bilməz: “Ancaq əfsuslar olsun ki, Azərbaycana gəldikdə bunu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və deyə bilərəm ki, Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı. Qeyd etməliyəm ki, “Eurovision”u Azərbaycanda keçirmək üçün biz heç vaxt təşəbbüs irəli sürməmişdik, bu, mümkün deyil. Çünki yarışmanın qaydaları belədir ki, qalib olan ölkə məcburdur ki, bu tədbiri keçirsin və biz də bunu böyük məsuliyyət kimi qəbul etdik. Doqquz ay ərzində, - bu da dünya miqyasında yəqin ki, rekord göstəricidir, - “Crystal Hall” kimi möhtəşəm idman-konsert sarayını tikdik. Bayraq Meydanı onsuz da genişləndirilirdi, biz orada işləri sadəcə olaraq sürətləndirdik və bütün şəraiti yaratdıq. Təşkilati nöqteyi-nəzərdən ən gözəl müsabiqə idi. Bizə gələn minlərlə xarici qonaq təşkilati məsələləri yüksək qiymətləndirdi və bütövlükdə şəhərimizə heyran oldu. Çünki Bakının gözəlliyi elədir ki, Bakıya vurulmamaq mümkün deyil. Biz bütün qonaqları ənənəvi olaraq qonaqpərvərliklə qarşıladıq, çalışdıq ki, onlar üçün gözəl şərait yaradaq və elə edək ki, bu mahnı müsabiqəsi hər bir cəhətdən yadda qalsın və əvvəlkilərdən fərqlənsin. Görürəm və bilirəm ki, biz buna müvəffəq olduq”.

“Bakıda keçirilmiş “Eurovision” müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün nümunə ola bilər”, - deyən İlham Əliyevin sözlərinə görə, ancaq bununla bərabər, ölkəmiz gözlənilməz kampaniya ilə də üzləşib: “Bu, bizim üçün gözlənilməz idi. Çünki yenə də deyirəm, “Eurovision”un tarixində heç vaxt siyasi məqamlar olmamışdı. Burada antiazərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə gedib. İlk növbədə, erməni lobbisi və bu məsələ ilə bağlı mən əvvəllər də demişəm, bu gün də deyirəm, “Eurovision” müsabiqəsi bir daha mənim sözlərimi təsdiqləyir ki, bizim üçün, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar və bütün maliyyə-siyasi qüvvələrini səfərbər edirlər ki, təki Azərbaycana zərbə vursunlar. Erməni lobbisi, ondan sonra digər qurumlar, digər dairələr, Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Bunu da mən təəssüf hissi ilə deyə bilərəm. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Bu, əlbəttə ki, çox məyusedici bəyanatlardır. Düzdür, belə qüvvələrin Qərb dünyasında, siyasi müstəvidə çəkisi çox aşağı səviyyədədir. Ancaq bu qüvvələr, belə partiyalar, bu fikirdə olan siyasətçilər əfsuslar olsun ki, var. Əgər belə təsnifat aparsaq deyə bilərəm ki, üçüncü qüvvələr sadəcə olaraq Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal alıb, - ancaq burada sakitlik, rahatlıq, inkişaf və xoş ovqat hökm sürür”.

“İnkişafımızı qəbul etməyən qüvvələr, insanlar, siyasətçilər var və biz onları tanıyırıq. Bunlara qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər antiazərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan qüvvələr var. Mən onlara qüvvə demərəm, elementlər, ünsürlər desəm daha dəqiq olar, - bax, bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlayıblar. Həm xarici, həm daxili mətbuatda qəsdən müəyyən təxribatların baş verməsini onlar təşkil ediblər. Onlar üçün, yəni xüsusilə daxildəki bu elementlər üçün siyasi həyatda bir prinsip var ki, Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Yəni, Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış məlumat yaymaq, erməni lobbisi ilə birləşmək - bütün bunlar bizim gözümüzün qabağında baş vermiş hadisələr idi. Əlbəttə, Azərbaycan xalqı bir daha açıq-aydın gördü ki, kim kimdir. Demək olar ki, bütün Azərbaycan xalqı bu bir ay ərzində sevinc içində idi. Bu qədər qonaq gəlir, hər kəs istəyirdi ki, öz ölkəsini təqdim etsin, tanıtdırsın, gözəl yerləri göstərsin. Antimilli qüvvələr isə xarici qonaqlara deyirdilər ki, siz baxmayın ki, bura belə gözəldir, gəlin biz sizi kənara aparaq, siz görərsiniz ki, bura necə pisdir. Yəni, adamın ağlına gəlmir ki, bu dərəcədə antimilli duyğularla yaşayan insanlar burada ümumiyyətlə özləri üçün necə yer tapa bilirlər?! Yəni, onlar üçün hər gün dərddir, hər gün faciədir. Bir yenilik görəndə üzülürlər, bir inkişaf görəndə yasa batırlar. Bunlar doğrudan da, çox ağır bir psixoloji durumda olan insanlardır, özü də uzun illər ərzində”, - İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, “Eurovision”a qədər 20-ci Sahədə ayrılan yerdə üç mitinq keçirilib: “Mən bir daha demək istəyirəm ki, onlar üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə mitinqləri çox sakit şəkildə keçirdilər. Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə, - yəni üç dəfə belə yığıncaqlar keçirildi, - oraya gələn insanların sayı getdikcə azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə cəhd etdilər. Bu, sırf təxribat xarakteri daşıyan bir addım idi. Yaxşı, “Eurovision” artıq qurtardı. Haradadır o piketlər, haradadır o mitinqlər?! Hacıbala Abutalıbov onlara müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. “Eurovision” növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, biz bilmirik. Yəni, biz o qədər gözləyə bilmərik. Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar - milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!”


DOSTLARINLA PAYLAŞ:

oyunlar