İlham Əliyev Barak Obamanı təbrik edib
07 Noyabr 2012 Çərşənbə 17:34
“Seçkilərdə qələbəniz dost Amerika xalqının həyata keçirdiyiniz daxili və xarici siyasət xəttinə dəstəyinin real ifadəsidir”.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı B.Obamanı Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
“Seçkilərdə qələbəniz dost Amerika xalqının Sizə inam və etimadının, həyata keçirdiyiniz daxili və xarici siyasət xəttinə dəstəyinin real ifadəsidir. Azərbaycanla Amerika Birləşmiş Ştatlarını bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri birləşdirir. Dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə qarşı mübarizə, münaqişə zonalarında sülhün və sabitliyin əldə edilməsi işində birgə iştirakımız dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. İnanıram ki, Sizin növbəti prezidentliyiniz dövründə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlara və ümumi dəyərlərə əsaslanan strateji tərəfdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək, ölkələrimiz birlikdə beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar sahəsində sıx əməkdaşlığı uğurla davam etdirəcək.
Azərbaycan, həmçinin iyirmi ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir. Cənab Prezident, bir daha Sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram”, - deyə prezidentin təbrik məktubunda vurğulanıb.
DOSTLARINLA PAYLAŞ: