İlham Əliyev: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir
03 İyul 2011 Bazar 00:20
İlham Əliyev: Azərbaycanda xarici investisiyalar lazımi səviyyədə qorunur.
“Bakıda Kempinski otelinin açılışı çox böyük hadisədir”. Bunu Azərbaycan Prezidenti İlşam Əliyev Bakıda beşulduzlu “Kempinski Badamdar” otel kompleksinin açılış mərasimində deyib. Onun sözlərinə görə, bu otellər dünya miqyasında otellər içində mühüm yer tutur: “Bakıda Kempinskinin açılışı, eyni zamanda, Azərbaycanın inkişafının göstəricisidir. Şəhərimiz inkişaf edir, gözəlləşir, yeni otellər açılır. İnvestorların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqəti və marağı əlbəttə ki, bizi çox sevindirir. Mən çox şadam ki, Bakıda belə gözəl, yaraşıqlı otel fəaliyyətə başlayır. Bu, şəhərimizə də əlavə yaraşıq, gözəllik verəcək. Çox şadam ki, otelin xarici görünüşü də gözəldir və daxili tərtibatı da ən yüksək səviyyədədir. Həm otaqlar, həm ictimai yerlər, restoranlar, əyləncə yerləri, istirahət zonaları ən yüksək səviyyədədir”.

Dövlət başçısı bildirib ki, bu il Azərbaycanda “Turizm ili” elan edilib və bu, təsadüfi deyil: “Çünki turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaq. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər var və biz bu imkanlardan istifadə etməliyik. İndi bütün bölgələrdə yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri açılır. Əlbəttə ki, ən gözəl otellər Bakı şəhərində fəaliyyətə başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı otel istifadəyə veriləcək. Onların içində birinci otel “Kempinski Badamdar” otelidir”.

Prezidentin fikrincə, bir il ərzində bir şəhərdə beşulduzlu altı otelin, özü də ən məşhur otellər şəbəkəsinə mənsub olan otellərin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir: “ Ölkəmizdə xidmət sektoru inkişaf edir. Əvvəlki dövrdə - 10-15 il bundan əvvəl investorları Azərbaycanda cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı. Bu da yəqin ki, təbii idi. Çünki o vaxt Azərbaycanda infrastruktur, şəhər nəqliyyatı lazımi səviyyədə deyildi, ümumiyyətlə, müstəqil ölkəmizin inkişafı birinci mərhələdə idi. Ancaq bu gün, ölkəmizin indiki dövründə xidmət sektoruna qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, növbəti illərdə bu işlər bütün istiqamətlərdə daha da sürətlə aparılacaq”. “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”, - deyən dövlət başçısı bildirib ki, gözəl şəhərdə qonaqları qəbul etmək üçün gözəl şərait olmalıdır.

İlham Əliyev bəyan edib ki, Azərbaycanda xarici investisiyalar lazımi səviyyədə qorunur. Onun sözlərinə görə, həm qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin siyasəti bundan ibarətdir: “Məhz bunun nəticəsidir ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan uzun illərdir MDB məkanında birinci yerdədir. Təkcə keçən il Azərbaycan iqtisadiyyatına təxminən 16 milyard dollar sərmayə yatırılıb. Hesab edirəm ki, bu il ölkəmizə qoyulan investisiyaların həcmi daha da çox olacaq və beləliklə, Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar yaradılacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar