İlham Əliyev: “Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq”
17 Fevral 2012 Cümə 03:47
“Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır”.
“Azərbaycan bölgədə sabitlik, təhlükəsizlik adasıdır, inkişaf məkanıdır”. ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında bildirib. Onun s.zlərinə görə, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar: “Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, - birinci iki ili istisna etmək şərti ilə, - bu gözəl ənənələr yaşayır”.
“Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır”, - deyən dövlət başçısının fikrincə, Azərbaycanı bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. İlham Əliyev vətəndaşları əmin edib ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir: “Bunun qarantı mənəm - Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir. Bizim beynəlxalq mövqelərimiz də güclüdür. Azərbaycan dünyanın ən mötəbər qurumunun üzvüdür - BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Bu, böyük məsuliyyət, böyük etimaddır, gördüyümüz işlərin böyük nəticəsidir”.
Prezident İlham Əliyev bəyan edib ki, 2012-ci il də Azərbaycan üçün uğurlu olacaq. Onun fikrincə, hər bir vətəndaş öz yerində ölkəmizin, doğma Azərbaycanımızın inkişafına dəyərli töhfəsini verməlidir.
DOSTLARINLA PAYLAŞ: