İlham Əliyev: Azərbaycan yaşamaq, istirahət etmək üçün çox gözəl bir yerdir
29 Dekabr 2011 Cümə Axşamı 05:28
Jumeirah-Bilgah otelinin fəaliyyətə başlaması çox əlamətdar hadisədir.
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Bakının Bilgəh qəsəbəsində beşulduzlu "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışı zamanı etdiyi çıxışda bildirib.

"Otel çox gözəldir. Mən indi otelin bütün yerləri ilə tanış olmuşam. Çox gözəl otaqlardır, çox gözəl dizayn. Otaqların hamısı dəniz mənzərəli. Bu, otelin əlbəttə ki, dəyərini artırır. İctimai yerlər çox böyük zövqlə yaradılmışdır. Burada iclasların, beynəlxalq tədbirlərin, şənliklərin keçirilməsi üçün bir neçə gözəl yer mövcuddur. Mən artıq "Jumeirah Group"un rəhbərinə dedim ki, bu oteldə, hər bir gözəl oteli fərqləndirən bütün əlamətlər cəmlənib. Nadir, gözəl, yaraşıqlı, çox böyük zövqlə yaradılmış bir oteldir", deyə İlham Əliyev əlavə edib.

Prezident otelin çox əlverişli yerdə yerləşdiyini qeyd edib. "Bu otelin yerləşməsi də çox nadirdir. Dəniz kənarında, şəhərdən bir qədər aralı yerləşir. Buranın havası da çox təmizdir. Amma, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna da çox yaxındır, cəmi 10-15 dəqiqə ərzində aeroporta çatmaq mümkündür. Bakıdan çəkilən gözəl yol da rahatlığı artırır. Səkkizzolaqlı yol tikilib və bu iş davam edir. Ümid edirəm ki, bir ildən sonra buradan Sumqayıta qədər də yeni yol açılacaqdır. Bilgəh-Sumqayıt yolunun tikintisi indi uğurla gedir. Bir sözlə, bu gün gördüyüm mənzərə məni çox sevindirir. Mən çox şadam ki, ölkəmizdə, Bakıda, Bilgəhdə dünya səviyyəli otel yaradılıbdır", deyə dövlət başçısı bildirib.

İlham Əliyev vurğulayıb ki, "Jumeirah" otellər şəbəkəsi dünya şöhrətli şəbəkədir.
"Onun müxtəlif ölkələrdə otelləri vardır. Mən bəziləri ilə tanışam. Əlbəttə ki, mən o otellərin hamısı haqqında bir şey deyə bilmərəm. Amma, ümid edirəm ki, bu, "Jumeirah"ın ən gözəl otellərindən biri olacaq. Azərbaycanda təkcə bu il üçüncü beşulduzlu otel açılıb. Bir qədər əvvəl "Kempinski", ondan sonra "Hilton" istifadəyə verilib, indi də "Jumeirah" oteli açılır. Bir ildə beşulduzlu üç otelin açılması çox böyük hadisədir. Bu, onu göstərir ki, investorlarda Azərbaycanın gələcəyinə, turizm potensialına çox böyük ümidlər, inam vardır. Yerli və xarici investisiyalar Azərbaycanda lazımi səviyyədə qorunur. Biz ötən 15 il ərzində ölkəmizə 100 milyard dollardan artıq investisiya cəlb edə bilmişik. Təkcə keçən il 16 milyard, bu il hələ ki, hesablamalar gedir. Əminəm ki, vəsait Azərbaycan iqtisadiyyatına ondan artıq qoyulub. Bu vəsaitin bir hissəsi turizm infrastrukturunun yaradılmasına yönəldilir", deyə prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, gələn il təkcə Bakıda daha üç beşulduzlu otel fəaliyyətə başlayacaq. ««Marriott», «Four seasons» və «Bermond» otelləri. Beləliklə, iki il ərzində Bakıda, təkcə bir şəhərdə, beşulduzlu, dünya şöhrətli 6 otel istifadəyə verilir. Mən hesab edirəm ki, bu, nadir bir hadisədir. Nəinki bu bölgədə, postsovet məkanında və geniş mənada qitədə nadir bir hadisədir ki, iki il ərzində bir şəhərdə dünyanın ən məşhur 6 brendi öz otellərini müştərilərin üzünə açır. Bu, ölkəmizin ümumi inkişafını göstərir. Bu, onu göstərir ki, yerli və xarici şirkətlər Azərbaycana vəsait qoymaq üçün öz imkanlarını gücləndirirlər. Azərbaycan yaşamaq, istirahət etmək üçün çox gözəl bir yerdir. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk. Yeni infrastruktur layihələri icra edilir. Qədim Bakı nəzarət altındadır, dövlət tərəfindən qorunur. İçərişəhərdə təmir-bərpa işləri böyük zövqlə aparılır. Bizim gözəl bulvarımız yenidən qurulubdur. Bakıda yeni bulvar tikilir. Biz bir neçə aydan sonra yeni bulvarın açılışını qeyd edəcəyik. Yeni bulvar Bayraq Meydanına qədər uzanacaq, Bayraq Meydanı ilə birləşəcəkdir. İndiki bulvarımızın 4 kilometrinə əlavə ən azı 8 kilometr dənizkənarı gəzinti zolağı əlavə edilməlidir. Bakı, yenə də deyirəm, dünyanın ən gözəl şəhərlərindən biridir. Biz Bakını gözəlləşdiririk, Bakını qoruyuruq, sevirik. Belə gözəl otellərin Bakıda yaradılması şəxsən məni çox sevindirir. Onu da qeyd etməliyəm ki, təkcə Bakıda deyil, digər bölgələrdə də hazırda beşulduzlu bir neçə otel tikilməkdədir. Biri Qubada, üçü isə yeni yaradılan "Şahdağ" qış-yay turizm kompleksi zonasında. Bu otellərin istifadəyə verilməsi Azərbaycanın turizm potensialını daha da gücləndirəcəkdir. Bu il Azərbaycanda "Turizm ili" elan edilib. "Turizm ili"ndə dünya otel şəbəkələri Azərbaycanda gözəl otellər açırlar, gözəl memarlıq abidələri yaradırlar. Əminəm ki, bu otel çox uğurla işləyəcək, burada çox gözəl xidmət göstəriləcək. Bakı sakinləri və qonaqlar üçün şəhərimizdə yeni gözəl istirahət və əyləncə yeri yaradılıb», deyə dövlət başçısı çıxışını yekunlaşdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar