“Dünya brendləri Azərbaycana sərmayə qoyulması mümkün və sərmayə qoyulmalı bir ölkə kimi yanaşırlar”.
“Bizim müstəqillik əldə etməyimizdən 20 ildən az keçir. Bu il ölkəmizin müstəqilliyinin bərpa edilməsinin 20 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Bu illər ərzində Azərbaycanın dünya xəritəsində dinamik inkişaf edən, açıq iqtisadiyyata və inkişaf etmiş infrastruktura malik bir ölkə kimi öz yerini tapması üçün çox iş görülüb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Çexiya biznes forumundakı çıxışında bildirib. “Biz hamımız vaxtilə müəyyən siyasi sistemdə, planlı təsərrüfat, sosializm sistemində yaşamışıq”, - deyən dövlət başçısının sözlərinə görə, Azərbaycan iqtisadiyyatda özəl sektorun nisbi payı sıfra bərabər idi. Bu gün isə özəl sektor Azərbaycan iqtisadiyyatının 50 faizdən çoxunu təşkil edir, əsaslı iqtisadi islahatlar aparılıb. Biznes üçün yaxşı şərait yaradılıb və hökumət əlavə addımlar atmağa çalışır ki, bürokratik əngəllər və maneələr azaldılsın, biznes şəraiti daha yaxşı olsun: “Biz əlverişli investisiya mühiti yarada bilmişik. Bütün dünyadan iri investisiyalar cəlb etmişik. Bunlar əsasən inkişaf etmiş ölkələrin investisiyalarıdır. Bu sərmayələr ilk illərdə əsasən neft-qaz sektoruna yatırılıb. Bu da təbii idi, çünki 1990-cı illərin əvvəlində Azərbaycan iqtisadi baxımdan yalnız enerji ehtiyatlarına malik olan bir ölkə kimi maraq doğururdu. Bizim vəzifəmiz ondan ibarət idi ki, bu marağı iqtisadiyyatın qeyri-neft sektoruna investisiyalara transformasiya edək. Bunun üçün biz özümüzü etibarlı tərəfdaş kimi təqdim etməli idik ki, əcnəbi investorlar bilsinlər, burada investisiyalar qorunur və dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bunun üçün bizim əsas kommersiya kontraktlarımız həm də parlamentdə müzakirə edilmiş və qanun qismində qəbul edilib. Mənim fikrimcə, bu, dünya tarixində nadir hallardan biridir ki, kommersiya sazişi, iri investisiya layihəsi qanun forması kəsb edir. Bu, bizim öz öhdəliklərimizi heç vaxt pozmayacağımız barədə investorlara tam zəmanət vermək üçün edilib. Biz etimad qazana, məbləği on milyard dollarla ölçülən iri investisiyaları cəlb edə bildik. Beləliklə, əlverişli investisiya şəraiti yaratmışıq. Azərbaycan uzun illərdir ki, adambaşına birbaşa xarici investisiyalar göstəricisi üzrə postsovet məkanında liderlik edir”.
Prezident İlham Əliyev deyib ki, energetikaya iri yatırımlar, ilk növbədə, Azərbaycana maliyyə ehtiyatları toplamağa imkan verib. Eyni zamanda, ölkə dünya iqtisadi dairələrində yaxşı ad qazanıb. Üçüncüsü isə iqtisadiyyatın Azərbaycan üçün əsas olan sahələrinə - daha doğrusu, qeyri-neft sektoruna, kənd təsərrüfatına, infrastruktura, nəqliyyata, turizmə sərmayələr cəlb edilib: “Bir neçə il əvvəl müşahidə etdiyimiz neftin qiymətinin kəskin aşağı düşməsi, məhz şaxələndirmə siyasətimiz sayəsində ölkəmizdə, demək olar ki, hiss olunmadı. Halbuki əsas gəlirləri neft satışından gələn ölkə üçün qiymətlərin 4-5 dəfə aşağı düşməsi böyük sınaq idi. Hətta 2008-2009-cu və 2010-cu illərdə, dünya iqtisadi böhranı illərində iqtisadiyyatımız artırdı. Bu gün Azərbaycanın şaxələnmiş iqtisadiyyatının möhkəm təməli artıq qoyulub və hazırda biz diqqətimizi məhz buraya cəlb edirik. Biz müasir texnologiyaların inkişafına böyük diqqət yetiririk. Bizim üçün çox vacibdir ki, ölkəmizdə istehsal olunan məhsul beynəlxalq standartlara uyğun gəlsin və ixrac meyilli olsun. Eyni zamanda, biz maksimum, o cümlədən kənd təsərrüfatı məhsulları ilə özünütəmin siyasətini həyata keçiririk. Çünki ərzaq təhlükəsizliyi məsələləri hazırda çox böyük əhəmiyyət kəsb edir”.
İlham Əliyev deyib ki, gələn il ilk Azərbaycan telekommunikasiya peyki orbitə çıxarılacaq və Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilir. Onun sözlərinə görə, eyni zamanda, müasir informasiya texnologiyalarına çoxlu sərmayə qoyulur, internet istifadəçiləri şəbəkəsi inkişaf edir, bu göstəriciyə görə Azərbaycan regionda birinci yerdədir.
Dövlət başçısı bildirib ki, turizm sektoruna çoxlu sərmayə qoyulur: “Biz turistlərin cəlb edilməsi üçün coğrafiyamızdan və təbii şəraitimizdən istifadə etmək niyyətindəyik və artıq istifadə edirik. Bu il təkcə Bakı şəhərində dünya səviyyəsində 6 yeni beşulduzlu otel açılacaq və bu göstərir ki, dünya brendləri Azərbaycana sərmayə qoyulması mümkün və sərmayə qoyulmalı bir ölkə kimi yanaşırlar, ən əsası isə ölkəmizin gələcəyinə inanırlar. Biz uzunmüddətli sərmayələrin, uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaradılmasının tərəfdarıyıq və bu məqsədlə radikal, çox mühüm iqtisadi islahatlar həyata keçiririk. Əlbəttə, siyasi islahatlar olmadan iqtisadi islahatlar yalnız qısamüddətli perspektivdə səmərə verə bilər. Buna görə də biz siyasi islahatlar sahəsində çox ardıcıl siyasət aparırıq. Biz Avropa strukturları ilə çox konstruktiv münasibətlər qurmuşuq. Artıq on ildir Avropa Şurasının üzvüyük, Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı üzrə işləyirik. Bundan sonra da ölkəmizi modernləşdirmək və Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək niyyətindəyik. Hesab edirəm ki, bunun üçün bütün imkanlarımız var. Əvvəla, dövlət siyasəti, proqramı, özəl biznesə, sahibkarlığa dövlət dəstəyi, savadlı gənclər və artıq formalaşmaqda olan güclü orta sinif, habelə az əhəmiyyət kəsb etməyən təbii ehtiyatlar və maliyyə müstəqilliyi”.
Prezident İlham Əliyev qeyd edib ki, son yeddi ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artıb: “Sənaye də təxminən 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşüb. Bu, bazar iqtisadiyyatının və sosial məsələlərin, bir növ bir-birini tamamlayaraq həll olunmasını göstərir. Biz çox iri infrastruktur layihələri - kommunikasiya, nəqliyyat layihələri həyata keçirmişik. Biz çox iri neft-qaz layihələri həyata keçirmişik və bu gün Azərbaycan nefti həm də Çexiya Respublikasının bazarına daxil olur. Əminəm ki, bu da ixracın şaxələndirilməsinə və iqtisadiyyatın inkişafına kömək edir. Bu gün biz dünyada ən iri qaz yataqlarından birini - ehtiyatlarının həcmi bir trilyon kubmetrdən çox olan “Şahdəniz” yatağını işləyirik. Ümumiyyətlə, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Lakin əminəm ki, bu ehtiyatlar artacaqdır, çünki biz hələ yeni yataqların kəşfiyyatı mərhələsindəyik və Azərbaycanın qaz potensialı bizim tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq”.
Dövlət başçısı bəyan edib ki, Azərbaycanda bundan sonra da zəruri islahatlar həyata keçiriləcək: “Biz iri regional inkişaf proqramı reallaşdırırıq və təkcə Bakı deyil, ilk növbədə regionlarımız inkişaf edir. Son yeddi ildən bir qədər artıq müddətdə regional inkişaf proqramı sayəsində Azərbaycanda 900 mindən çox yeni iş yeri yaradılmışdır və bu iş yerlərinin böyük əksəriyyəti regionlardadır”. ANSPRESS