“İlham Əliyev - 8 il hakimiyyətdə” kitabının təqdimatı olub
23 Dekabr 2011 Cümə 00:24
Kitabda İlham Əliyevin ölkəyə rəhbərliyinin 8 illiyinə həsr olunmuş şəhər elmi-praktiki konfransının materialları yer alıb
Sumqayıtın Tarix Muzeyində “İlham Əliyev - 8 il hakimiyyətdə” kitabının təqdimatı olub. “Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış kitab Sumqayıt İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının təşəbbüsü və təşkilati dəstəyi ilə nəşr olunub. Kitabda Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 8 illiyinə həsr olunmuş şəhər elmi-praktiki konfransının materialları yer alıb. Bu analitik məcmuə mütərəqqi islahatlardan, real nailiyyətlərdən söz açır, ölkənin sürətli inkişafını nümayiş etdirir.

Nəfis tərtibatda çap olunmuş kitaba hər biri iqtisadiyyatın müəyyən sahəsinin, sosial sahənin, bütövlükdə ölkənin həyat fəaliyyətinin inkişafında dövlət başçısının roluna həsr olunmuş 21 mövzu üzrə materiallar daxil edilib. Məqalələrin müəllifləri - dövlət məmurları, Milli Məclisin deputatları, idarə rəhbərləri, Sumqayıt ictimaiyyətinin nümayəndələri sosial-iqtisadi artımın dinamikasından, respublikanın ictimai-siyasi durumundan, makroiqtisadi sabitliyin, regionların sürətli inkişafının parametrlərindən və s. söz açırlar. Həmin materiallar Prezident İlham Əliyevin müvəffəqiyyətlə və davamlı şəkildə həyata keçirdiyi respublikanın hərtərəfli inkişafı modelinin həyatiliyini təsdiq edir.

Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yazdığı ön sözdə deyilir: “İlham Əliyev hakimiyyətdə olduğu 8 il ərzində mümkün olmayanları mümkün etmişdir. Cəmiyyətin bütün sahələrini əhatə edən dinamik və tarixi nailiyyətlər ölkəmizdə adi fəaliyyət norması, dünyada isə unikal təcrübə kimi qəbul edilir. Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış iqtisadi-siyasi model həyatiliyini, səmərəliliyini və aktuallığını parlaq şəkildə nümayiş etdirmişdir”.

Təqdimat mərasimin sonunda tədbir iştirakçılarına “İlham Əliyev - 8 il hakimiyyətdə” kitabı paylanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar