"İl-76"nın azərbaycanlı heyət üzvlərinin cəsədləri Bakıya gətirilib
25 İyul 2011 Bazar Ertəsi 23:33
Qəzaya uğramış təyyarənin "qara qutusu" isə Moskvada yerləşən Dövlətlərarası Aviasiya Komitəsinə çatdırılacaq.
Əfqanıstanda qəzaya uğramış “İl-76" təyyarəsinin azərbaycanlı heyət üzvlərinin cəsədləri Bakıya gətirilib. ANS PRESS-in “Trend”ə istinadən verdiyi məlumata görə, bu barədə “Silk Way” aviaşirkəti direktorunun müşaviri, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən üzvü olan Adil Qasımov məlumat verib. Onun sözlərinə görə, artıq cəsədlər DNT-ekspertizasından keçirilməsi üçün tibb müəssisəsinə göndərilib: “Qalıqların şəxsiyyəti müəyyən olunmuş heyət üzvləri həlak olmuş, müəyyən olunmamışlar isə itkin düşmüş hesab ediləcək”.
A. Qasımov həmçinin bildirib ki, qəzaya uğramış təyyarənin “qara qutusu” Moskvada yerləşən Dövlətlərarası Aviasiya Komitəsinə çatdırılacaq.
Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus “İl-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan mətbuatına açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: