İl-76 ilə bağlı ziddiyyətli məlumatlar
19 İyul 2011 Çərşənbə Axşamı 15:02
Qəzanı araşdıran komissiya üzvünə təyyarə qəzasının baş verdiyi yerin fotolarını göndərməyə niyə icazə verilmir?
Əfqanıstanda qəzaya uğramış Azərbaycana məxsus "İl-76" yük təyyarəsinin aqibəti ilə bağlı hər gün ziddiyyətli məlumatlar alırıq. Qəzanı araşdıran komissiyanın Kabilə ezam olunmuş üzvü Tapdıq İmanovun verdiyi ən son məlumata görə, təyyarənin “qara qutu”su tapılıb və artıq o komissiyanın Əfqanıstan tərəfini təmsil edən nümayəndələrindədir.

Tapdıq İmanov ANS-i əmin edib ki, iyulun 18-də günün birinci yarısında “qara qutu”nun və hadisə yerinin şəkilləri ANS-ə internet poçtu ilə göndəriləcək. Amma indiyədək vəd olunan şəkillər ANS-ə çatdırılmayıb. Tapdiq İmanov bunun səbəbini Kabildə internetin sürətinin çox zəif olması ilə izah etmişdi. Bu gün yenidən onunla əlaqə saxlanılıb. Bu cavabda isə artıq tamamilə başqa səbəb ortaya çıxdı.

“Mən indi Nəqliyyat Nazirliyindəyəm, istəyirsinizə, qulaq da asa bilərsiniz. Onlar deyirlər ki, mənim şəkilləri göndərməyə ixtiyarım yoxdur. Komissiyanın sədri deyir ki, şəkillər sizin Aviasiya Administrasiyasının arxivində var. Mənə şəkilləri göndərməyə icazə vermirlər. Xahiş edirəm komissiyanın sədri ilə əlaqə saxlayın, məsələni həll edin”,- deyə Tapdıq İmanov bildirib.

Xatırladaq ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi iyulun 6-da gecə saat 00:10 radələrində Əfqanıstanın Baqram Hava Limanı yaxınlığında enməyə hazırlaşarkən rabitə ani olaraq kəsilib və radarlarda görüntü itib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar