II Qarabağ müharibəsinin başlanması ehtimalı artır
22 Dekabr 2010 Çərşənbə 23:20
Böyük Britaniyanın LİNKS təşkilatının apardığı araşdırmalar belə deməyə əsas verir
İkinci Qarabağ müharibəsinin başlanması ehtimalı artır. Böyük Britaniyanın LINKS təşkilatının apardığı araşdırmalar belə deməyə əsas verir. Məlum olduğu kimi Böyük Britaniyanın LİNKS qeyri-hökumət təşkilatının Dağlıq Qarabağ münaqişəsinə baxışları müəyyənləşdirmək məqsədilə sorğu keçirib. Hesabat hər iki tərəfdə fəaliyyət göstərən 46 siyasi təşkilatın nümayəndələrinin müsahibələri əsasında hazırlanıb.
LINKS təşkilatının rəhbəri Denis Sammut bildirib ki, əslində məsələnin həll olunması istiqamətində yanaşmalar və baxışları fərqlidir: "Bir çox partiyalar son vasitə kimi problemin həllini hərbi yolda görür. Bundan başqa orada digər yanaşmalar da var. Məsələn gələcəkdə münaqişənin həll edilməsinin tərkib hissəsi olaraq, Dağlıq Qarabağın erməni icması Azərbaycanın tərkibində necə yaşaya bilər? Bu məqsədə çatmaq üçün bir çox siyasi partiyalar həm də fikirləşir ki, proses gücləndirilməlidir və demokratiya da inkişaf etdirilməlidir”.
Məsələ ilə bağlı millət vəkili, Demokratik İslahatlar Partiyasının rəhbəri Asim Mollazadə bildirib ki, təşkilatın bu hesabatı ancaq sözlərdən ibarət vərəqlər olmamalıdır: “Azərbaycan beynəlxalq ictimai təşkilatlardan təcavüzkarı sülhə çağırmaq, məcbur etmək istiqamətində müəyyən qərarlar gözləyir”.
Azərbaycana aid olan hissə üçün keçirilən təqdimatda politoloqlar razı qalmadıqları müəyyən məsələlərə aydınlıq gətirməsini tələb edib. LİNKS təşkilatının rəhbəri Denis Sammut politoloq Rasim Musabəyovun “Tədqiqatın nəticəsində nəsə gözlənilməz, və ya proseslərə təsir edə biləcək yeni imkanlar yaranacaq, yoxsa yox?” sualına cavab verməkdən yayınıb.
Politoloq Fikrət Sadiqov isə bildirib ki, onlara Azərbaycanın nə istədiyi çatdırılmalıdır, yəni burada bir cür, başqa bir yerdə isə başqa cür danışılmasın: “Biz düşünürük ki, 2011-ci ildə hansısa addımlar atılacaq, lakin bu tədqiqatlar səviyyəsində deyil, ciddi, sivil və bəlkə də döyüş səviyyəsində atılacaq addımların şahidi olacağıq”.
Qeyd edək ki, 200 səhifəlik hesabatın ingilis və rus dillərində elektron variantı artıq hazırdır, bir aydan sonra kitab şəklində çap olunacaq.
DOSTLARINLA PAYLAŞ: