II Azərbaycan-Rusiya Beynəlxalq Humanitar Forumu sentyabrda Bakıda keçiriləcək
02 Avqust 2010 Bazar Ertəsi 15:10
Bu barədə Rusiya PA-nın rəhbəri jurnalistlərə açıqlamasında bildirib.
Bakıda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Rusiyanın ölkəmizdəki səfirliyində II Dünya müharibəsinin başa çatmasının 50 illiyi münasibətilə müharibə iştirakçılarına Rusiya prezidentinin medal və fəxri fərmanlarını təqdim edib. Müharibədə qələbənin qazanılmasında həmvətənlərimizin də böyük rol oynadığını xatırladan Rusiya rəsmisi müharibə iştirakçılarına və Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını çatdırıb.
Səfirlikdəki görüşdən əvvəl isə Narışkin azərbaycanlı həmkarı, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb. Görüş zamanı Rusiyanın Ermənistandakı hərbi bazasının statusunda gözlənilən dəyişikliklərin də müzakirə obyekti olacağı gözlənilsə də, bu baş verməyib. Jurnalistlərin sualına cavabında Sergey Narışkin bu məsələni müzakirə etmədiklərini bildirib. Görüşdə əsas müzakirə mövzusu II Azərbaycan - Rusiya Beynəlxalq Humanitar Forumunun keçirilməsi məsələsi olub.
“Mən bu gün həmkarımla Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri ilə bu ilin sentyabrında keçiriləcək Bakı Humanitar Forumunun təşkilat komitəsi ilə iclas keçirdim. Bu artıq ikinci təcrübə mübadiləsi olacaq. Birinci forum bu ilin yanvarında keçirilib və onun təşkili bu cür toplantıların nə qədər məhsuldar, ölkələrimiz üçün necə vacib olduğunu göstərdi. Hələ yanvarda qərara alınmışdı ki, bu forum hər il keçirilsin. Tədbiri ölkələrimizin prezidentləri öz himayələri altına alıblar. Biz çox istəyirik ki, Bakı forumu ən yüksək səviyyədə keçsin. Yalnız Azərbaycan və Rusiya arasında yox, sözün geniş mənasında humanitar əməkdaşlığın ən geniş məsələlərinin müzakirə olunduğu beynəlxalq meydan olsun. Azərbaycan ənənələri, geniş mədəniyyəti, konfessiyalararası tolerantlığı ilə bu cür nüfuzlu beynəlxalq məkanın yaradılması üçün ən uyğun, ən düzgün yerdir”, - deyə Sergey Narışkin bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: