İğdırdan Naxçıvana qaz kəməri çəkiləcək
18 İyul 2010 Bazar 16:40
Vasif Talıbov: "Hər iki ölkə bu boru xəttindən effektiv istifadə edəcək".
Regionda İğdır-Naxçıvan qaz kəmərinin inşası Azərbaycanla Türkiyənin əlaqələrini daha da genişləndirəcək və hər iki ölkə bu boru xəttindən effektiv istifadə edəcək. Bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızla görüşündə deyib. Vasif Talıbov vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin inşası da daxil olmaqla, Bakı-Tiflis-Qars kimi iri layihələrin reallaşdırılmasına başlanılıb ki, bu da Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələri genişləndirməyə imkan verir.

Öz növbəsində Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Naxçıvana elektrik xətlərinin çəkilməsi, nəqliyyat magistrallarının birləşdirilməsi, hava və nəqliyyat reyslərinin açılması, kommunikasiya əlaqələrinin genişlənməsi strateji əməkdaşlıq kimi qiymətləndirilir. Taner Yıldız qeyd edib ki, avtomobil yollarının və dəmir yolunun açılmasından sonra hava nəqliyyatının işə salınması iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirəcək. “Elektrik xətti və neft kəmərinin çəkilməsindən sonra qaz boru xətti də çəkiləcək. Azərbaycan öz qazını Türkiyədən Naxçıvana ötürəcək. ARDNŞ-in Naxçıvanda həyata keçirəcəyi layihələr elektrik enerjisi istehsalı, hər hansı neft və qaz şirkətinin uyğun gördüyü hansısa investisiya ola bilər. İlk növbədə bizdən tələb olunan və bizim də ortaq bəyannaməyə atdığımız imzanın əsası budur. Bu boru kəməri 300 milyon kubmetr qaz ötürə biləcək. Kəmərin gücü buna imkan verəcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında Azərbaycan qazının İğdırdan keçərək Naxçıvana nəqli ilə bağlı birgə bəyannamə imzalanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar