İctimai Palatanın üzvləri mətbuat konfransı keçiriblər
15 Aprel 2011 Cümə 18:18
İctimai Palatanın üzvləri AXCP sədri Əli Kərimli, keçmiş deputat Pənah Hüseyn və vəkil Vidadi Mirkamal bu gün mətbuat konfransı keçiriblər.
 APA-nın xəbərinə görə, Ə. Kərimli İctimai Palatanın növbəti mitinqinin aprelin 17-nə təyin olunduğunu bildirib: “Biz ölkədə köklü siyasi islahatların aparılmasını tələb edirik. Bundan əvvəlki mitinqdə bir çox irəliləyişlər əldə etmişik. Artıq hökumət bəzi problemləri həll etməyə çalışır”. Ə. Kərimli aprelin 17-də aksiyanın bütün hallarda keçiriləcəyini vurğulayıb.

Partiya sədri İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin baş prokuror Zakir Qaralova aksiyada bəzi təxribatların baş verməsi ilə bağlı məktub ünvanladıqlarını deyib.

Ə. Kərimli 2 aprel aksiyası ilə bağlı başlanan cinayət işinə dair aprelin 16-da istintaqa ifadə verəcəyini deyib: “İsa Qəmbər bu gün dindirilir. Sabah da mən şahid kimi dindiriləcəyəm”.

ATƏT-in müxalifətlə iqtidarın dialoqa getməsinin tərəfdarı olması haqqında fikirlərə münasibət bildirən Əli Kərimli həmin təklifi qəbul etdiklərini söyləyib: “Bizim tərəfimizdən hakimiyyətlə dialoqa getməkdə problem yoxdur”.

P. Hüseyn isə çıxışında İP Koordinasiya Şurasının növbəti sessiyasının aprelin 23-də çağırılacağını qeyd edib. O, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aksiyaya ayrılan yerin əlverişsiz olduğunu bildirib.

Vəkil Vidadi Mirkamal isə çıxışında bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşdüklərini bildirib: “Həmin görüş səmimi və səmərəli keçdi. Görüşdə bildirdik ki, aksiya iştirakçıları heç bir zorakılığa yol verməyiblər. Bununla bağlı bəzi sübutları da təqdim etmişik”.

V. Mirkamal aksiya zamanı saxlanılan şəxslərin hüquqlarını müdafiə etmək üçün vəkillərin bu işə cəlb olunmasında bəzi problemlərin olduğunu da qeyd edib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar