İctimai Palatanın iflası təbii idi
04 May 2011 Çərşənbə 18:06
Əli Həsənov: “”Freedom House”a qeyri-ciddi təşkilat kimi yanaşırıq”.
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi.
- Azərbaycanda hazırkı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz?
- Normal. Ölkə öz ahəngi ilə yaşayır, parlament öz ahəngində fəaliyyətdədir. İcra strukturları, mərkəzi və yerli icra hakimiyyəti orqanları öz işləri ilə məşğuldur. Cəmiyyətin ictimai institutları da fəaliyyətini normal qaydada davam etdirir. Hazırda Azərbaycan müstəqilliyinin 20 illik yubileyi ərəfəsindədir. Məlum olduğu kimi, 20 illiyin qeyd olunması ilə bağlı ölkə başçısının sərəncamı olub. Hazırda bu ildönümə hazırlıq gedir. Eyni zamanda may ayı intensiv aydır, Azərbaycanda bir neçə tədbirlər keçirilməlidir. Ümummilli liderimiz Heydər Əliyevin ad günü olacaq. Ölkədə ayrı-ayrı mükafatların verilməsi, o cümlədən ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mükafatların təqdim olunması ilə əlaqədar müsabiqə komissiyası işləyir, ona hazırlıqlar gedir. İctimai-siyasi həyatımız sabit və dinamik inkişafdadır.
- Bir neçə gün öncə “Freedom House” beynəlxalq təşkilatının dünyada mətbuat azadlığının vəziyyətinə dair hesabatı açıqlandı. Həmin hesabatdakı reytinq cədvəlində Azərbaycanın 196 ölkə arasında 171-ci yerdə göstərilməsinə münasibətiniz necədir?
- Bizim mətbuat ictimaiyyəti, Mətbuat Şurasının sədri, bəzi aparıcı qəzetlərin baş redaktorları bu hesabata münasibətlərini bildiriblər. Mən onların münasibəti ilə tamamilə razıyam. Bəzi beynəlxalq qeyri-hökumət təşkilatları son zamanlar onlara öz funksiyaları ilə bağlı bəslənən etimadları itiriblər və ayrı-ayrı mərkəzlərin göstərişi ilə, subyektiv mülahizələr əsasında fəaliyyət göstərirlər. Adını çəkdiyiniz qurum da həmin təşkilatlardan biridir. Bu quruma qeyri-ciddi təşkilat kimi yanaşırıq və onların Azərbaycan haqqında rəyinə şərh vermirik. Çünki təkrar edirəm, bu, obyektiv təşkilat deyil, fikirlərini subyektiv mülahizələr əsasında formalaşdırır. Elə təşkilatların rəyinə münasibət bildirməyə də dəyməz.
- İctimai Palatanın sonuncu sessiyasında mitinqlə bağlı konkret qərar verilmədi. Bu məqam və ümumiyyətlə, İctimai Palatanın hazırkı vəziyyəti haqqında fikirlərinizi bilmək istərdik.
- Özünü İctimai Palata adlandıran bu qurumun bu tipli qərar verməsi, yaxud bundan əvvəlki qərarları, yəni ictimai sifariş olmadan mitinq qərarı çıxarması, camaatı qarşıdurmaya sövq etməyə cəhd göstərməsi, icazə verilməyən yerlərdə qarşıdurma yaratmaq meylləri və s. təbiidir. Çünki ora yığışan insanların böyük əksəriyyəti ötən illərdə qeyri-konstruktiv, radikal mövqeyi, Azərbaycan cəmiyyəti ilə üst-üstə düşməyən fərqli maraq nümayiş etdirməsi və digər məsələlərlə seçiliblər. Orada anti-Azərbaycan fəaliyyətində olan müəyyən adamlar da var. Ona görə də “Palata” adlanan həmin qurumdan ciddi qərar gözləməyə də dəyməzdi. Təkrar edirəm, onlar ayrı-ayrı ölkələrdə baş verən proseslərin təsiri altında dərhal Azərbaycanda da nəsə etmək ab-havası ilə küçələrə çıxırlar və sosial dayağı olmayan, ciddi insan kütləsini öz arxasınca apara bilməyən təşkilatlarda olduğu kimi, iflasa uğrayırlar. Onların da iflası təbii idi. Bundan başqasını da gözləmirdik.
- İctimai Palata “Yol xəritəsi” adlı layihə hazırlayıb. Həmin layihədə hakimiyyət və İctimai Palata arasında siyasi dialoqun aparılması məqamı da var. Yaxın müddətdə hakimiyyətlə müxalifət arasında hansısa dialoqun keçirilməsinə ehtiyac varmı, bu gözlənilirmi?
- Dialoqla bağlı məsələlərə dəfələrlə münasibət bildirdiyimdən təkrar qayıtmaq istəmirəm. Cəmiyyətin normal konstruktiv kəsimi ilə, normal ideyası olan, Azərbaycan cəmiyyətini, dövlətini düşünən, onun gələcəyi ilə bağlı nəsə etmək istəyən istənilən ictimai siyasi institutla, partiyalarla biz dialoq aparırıq, bundan sonra da aparacağıq. Çünki Azərbaycan cəmiyyətində hər bir fikrin öz yeri, əhəmiyyəti var. Hər bir fikrin də yaşamağa haqqı-hüququ var. Amma məramı-məqsədi bəlli olmayan, bir-iki ambisiyalı şəxsin ətrafında toplanmış və heç bir sosial dayağı olmayan hansısa qurumun “yol xəritəsi”nin Azərbaycan cəmiyyətinə xeyir gətirəcəyinə, yaxud onların hər hansı təklifinin yaxşı bir nəticəyə səbəb ola biləcəyinə mənim şübhəm var. Ona görə də onlara heç vaxt itirməyə dəyməz.
- Bir müddət öncə parlamentdə təmsil olunan 6 siyasi partiyanın təmsilçisi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflər hazırlayaraq Prezident Administrasiyasına təqdim edib. Administrasiyanın həmin təkliflərə münasibəti artıq formalaşıbmı?
- Bildiyiniz kimi, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub. Əslində ona qanun demək də böyük çıxır, bu, siyasi fəaliyyət haqqında deklarasiyadır. Çünki o zaman Azərbaycanın yeni Konstitusiyası qəbul olunmamışdı, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesləri demək olar ki, başlamamışdı. Azərbaycanın müəyyən etdiyi xarici, daxili siyasət, o cümlədən siyasi partiya institutu, ictimai təşkilatlar, Azərbaycanda vətəndaş cəmiyyətinin prinsipləri – bunların heç biri bərqərar olmamışdı, Azərbaycan Avropa Şurasına daxil olmamış, üzərinə öhdəliklər götürməmiş və yerinə yetirməmişdi. Faktiki olaraq həmin qanun Azərbaycanın bugünkü şəraitinə və Konstitusiyasına uyğunlaşdırılmamış bir qanundur. Ona görə də parlamentdən Azərbaycan prezidentinin ünvanına daxil olan təşəbbüs cənab prezidentə məruzə olundu. O, bu təşəbbüslə tanışdır. Azərbaycan cəmiyyətinin buna ehtiyacını da nəzərə alaraq Prezident Administrasiyası bu qanunun geniş müzakirə olunmasına və siyasi partiya institutunun gələcək inkişafı parametrlərinin, prinsiplərinin müəyyən olunmasına tərəfdardır. Bununla bağlı yəqin ki, yaxın müddətdə parlament müzakirələrə başlaya bilər. Düşünürəm ki, bundan ötrü müəyyən prosedurlar da keçilməlidir. Biz ATƏT və Avropa Şurası ilə dəyirmi masalar keçirməyi də planlaşdırırıq. Həmin tədbirlərdə Azərbaycanda siyasi partiya institutu, onun perspektivləri və s. məsələlər müzakirə olunacaq. Bu sırada siyasi partiyaların maliyyələşməsi ideyası da müzakirə ediləcək. Müzakirələrin nəticəsi olaraq Azərbaycan cəmiyyətinin nəyi gündəmə gətirib, nəyi qəbul edəcəyi məlum olacaq.
- Əgər siyasi partiyalar dövlət büdcəsindən maliyyələşərsə, bu, yalnız parlamentdə təmsil olunan partiyalara, yoxsa dövlət qeydiyyatından keçmiş bütün partiyalara şamil olunacaq?
- Bir daha təkrar edirəm, hər şey qanunda ortaya qoyulan prinsiplərin, parametrlərin qəbul olunmasından asılıdır. Ancaq bu məsələdə ümumilikdə siyasi partiyalarla bağlı məqam öz əksini tapacaq. Yəni parlamentdə təmsil olunub-olunmamasından asılı olmayaraq bütövlükdə siyasi partiya institutu nədir, onun strukturu necə olur, necə formalaşır, necə inkişaf edir, partiya quruculuğu prosesinin şəffaflığı necə təmin olunur və s. məsələlər öz əksini tapacaq.
- ABŞ tərəfindən “dünyanın bir nömrəli terrorçusu” adlandırılan Üsamə bin Ladenin öldürülməsindən sonra bir sıra ölkələr terror ehtimalı ilə bağlı təhlükəsizlik tədbirləri gördüyünü elan edib. Bununla bağlı Azərbaycanda xüsusi təhlükəsizlik tədbirləri görülübmü?
- Biz düşünmürük ki, Azərbaycanda bu gün ciddi terror təhlükəsi var, yaxud terrorla əlaqəli hansısa təhlükəli proseslər gözlənilir. Ancaq eyni zamanda dünyanın heç bir ölkəsi, heç bir ərazisi, heç bir şəhəri, kəndi, heç bir müəssisəsi terrordan sığortalanmayıb. Hansı formada olmasından asılı olmayaraq Azərbaycan terroru həmişə pisləyib və bu gün də pisləməkdədir. APA
DOSTLARINLA PAYLAŞ: