Hüseyn Arabul məhkəmədə son söz deyib
16 Sentyabr 2009 Çərşənbə 18:20
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Barmek-Azərbaycan” şirkətinin prezidenti Hüseyn Arabul və daha beş nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər son söz deyiblər. H. Arabul bildirib ki, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin 4 əməkdaşının və ibtidai istintaqı aparan müstəntiqin qanuna zidd hərəkələri ucbatından 107 gündür azadlıqdan məhrum olub. H. Arabulun sözlərinə görə, əməlində cinayət tərkibi olmayıb: “Mənim həqiqəti dediyimə inanmaq istəyirsinizsə, Gürcüstanın sərhəd qoşunlarının həmin vaxt orada olan əməkdaşlarından soruşa bilərsiniz”.

H. Arabul məhkəmədən ona bəraət verilməsini və azadlığa çıxmasını xahiş edib. Prosesdə Rəmal Ələkbərov və Mahir Lətifov çıxış ediblər. Təqsirləndirilənlər məhkəmədən ədalətli qərar gözlədiklərini söyləyiblər.

Proses sentyabrın 18-də Türkiyə vətəndaşı Ayhan Dönməzin, Azərbaycan vətəndaşları Elnur Hüseynovun və Famil Quliyevin son sözü ilə davam etdiriləcək.

Qeyd edək ki, ötən prosesdə prokuror məhkəmədən Hüseyn Arabulun 2 il müddətinə, Azərbaycan vətəndaşları - Mahir Lətifov, Elnur Hüseynov, Famil Quliyev, Rəmal Ələkbərovun isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini, Türkiyə vətəndaşı Ayhan Dönməzin 1 il şərti olaraq cəzalandırılmasını istəyib.

Xatırladaq ki, “Barmek-Azərbaycan” şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilib. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar verib.
Adları çəkilən şəxslər sərhədi qanunsuz keçmə, rüşvət vermədə ittiham olunurlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar