Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu başa çatıb
23 Yanvar 2010 Şənbə 20:10
Bu gün Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunun (22-23 yanvar) rəsmi yekun mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirin moderatoru rolunda çıxış edən Rusiyanın «İTAR-TASS» dövlət informasiya agentliyinin baş direktoru Vitali İqnatenko forumun uğurla keçdiyini vurğulayıb. Onun fikrincə, toplantı iki ölkənin daha da yaxınlaşmasına müsbət təsir göstərəcək, mənəvi dəyərlərin inkişaf etdirilməsi istiqamətində isə birlikdə daha ciddi nailiyyətlər əldə etmək mümkündür.
Azərbaycan Prezidentin İcra Aparatının başçısı Ramiz Mehdiyev isə öz növbəsində qeyd edib ki, forumun keçirildiyi günlər dostluq və qarşılıqlı anlaşmanın sınaq dövrü olub və bunun nəticələri uğurlu nailiyyət kimi qiymətləndirilməlidir: «Forumda səslənən bir fikrə əsasən, sərhədlər dövlətləri bölür, mədəni əlaqələr isə onları asanlıqla dəf edir. Mən bu fikirlə tam razıyam. Bizim üçün xalqlarımızın bir-birini daha yaxşı başa düşməsi vacibdir. Biz forumun əsas təşəbbüskarları olan prezidentlərimizin etimadını tam doğrultmuşuq».
R.Mehdiyev qeyd edib ki, forum Azərbaycan və Rusiya xalqlarının rifahı naminə görüləcək böyük və genişplanlı bir işin başlanğıcıdır: «Foruma dəstək verilməlidir – mütləq onu gələcəyə aparacaq gənclər forumu təşkil olunmalıdır». O həmçinin vurğulayıb ki, tədbir iştirakçıları forumun hər il, ardıcıl olaraq Bakı və Moskvada keçirilməsi və ona beynəlxalq statusun verilməsi təklifini də dəstəkləyiblər.
Azərbaycanın sosial-iqtisadi inkişafı və gələcək planları haqqında danışan prezident administrasiyasının rəhbəri bildirib ki, müasir sənaye mərkəzinə çevrilməsi planlaşdırılan Sumqayıt şəhərinin hərtərəfli inkişaf etdirilməsi, Ələt qəsəbəsi yaxınlığında regionun ən iri dəniz limanının yaradılması, gəmirqayırma müəssisəsinin inşası, yeni məktəb, mədəniyyət və s. obyektlərin tikintisi nəzərdə tutulub.
Rusiyanın prezident administrasiyasının başçısı Sergey Narışkin isə öz növbəsində qeyd edib ki, Bakı forumu dövlətlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində atılan növbəti addım olacaq: «Bizim ikitərəfli əlaqələrin tarixi yüzilliklərlə ölçülür, burada Rusiyaya çox yaxın bir xalq yaşayır. İnsanlar arasındakı münasibətlər dövlətlərin yaxınlaşması istiqamətində mühüm rol oynayır».
Bu il Böyük Vətən Müharibəsinin başa çatmasının 65-ci il dönümünün qeyd olunacağını vurğulayan S.Narışkinin fikrincə, analoji forumların keçirilməsi xalqların bir-birini daha yaxşı tanıması üçün yaxşı şərait yaradır və tarixin gənclərə dolğun və həqiqi formada çatdırılması vacibdir.
Rusiya prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, bu cür tədbirlərin keçirilməsinə böyük tələbat var və onlar prezidentlərin partronajlığı altında keçirilməlidir. O həmçinin gənclər forumunun keçirilməsi ideyasını dəstəklədiyini bildirib və analoji tədbirlərin biznes təmsilçiləri tərəfindən təşkilini də vacib sayıb. APA
DOSTLARINLA PAYLAŞ: