Hindistandakı girov gəminin azərbaycanlı heyət üzvləri vətənə dönür
26 May 2009 Çərşənbə Axşamı 20:35
Onlara vətənə dönməkdə «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yardım edib

 

Hindistanın sahil sularında saxlanılan Türkiyəyə məxsus «Mira» gəmisinin azərbaycanlı heyət üzvləri bu gün gecə İstanbul-Bakı reysi ilə vətənə dönəcək. Onlara vətənə dönməkdə «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yardım edib. Şirkətdən ANS PRESS-ə verilən məlumata görə, gəminin heyət üzvlərindən olan səkkiz Azərbaycan vətəndaşı İstanbula döndükdən sonra M.Mənsimov onların problemləri ilə maraqlanıb. «Azərbaycanlıların müəyyən çətinlikləri, maliyyə ilə bağlı problemləri vardı, onlar həll olundu. Onların İstanbulda qalması, vətənə qayıtması üçün tələb olunan vəsait «Palmali» tərəfindən qarşılandı»,- deyə şirkətdən bildirilib.
Həmçinin bildirilib ki, «Mira» gəmisinin azərbaycanlı 8 heyət üzvü «Mira» şirkətini məhkəməyə verəcəklər və M.Mənsimov onların məhkəmə ilə bağlı xərclərini üzərinə götürməsi barədə dənizçilərə zəmanət verib.

Xatırladaq ki, Türkiyə şirkətinə məxsus «Mira» gəmisi 5 aydır ki, Hindistan məhkəməsinin qərarı ilə girov saxlanılır. Gəmi ilə yanaşı azərbaycanlılar və türklər daxil olmaqla, 24 heyət üzvü də qanunsuz olaraq girov qismində olub. Lakin gəminin maşın hissəsinə su sızdığından və pis hava şəraiti olduğundan mayın 20-də heyət onu tərk etmək məcburiyyətində qalıb və gəmiyə yanacaq gətirən kiçik tankerə minərək sahilə çıxmağa müvəffəq olub.

Azərbaycanın Hindistandakı səfirliyinin Hindistan höküməti ilə apardığı danışıqlardan sonra gəminin heyət üzvlərininin vətənə qayıtmasına rəsmi icazə verilib. Mumbaydan İstanbula gələn gəminin 24 heyət üzvü onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi məqsədilə çalışdıqları «Mira» şirkətini və Hindistanın Bhab-Naqar limanının rəhbərliyini Türkiyə Cümhuriyyəti məhkəməsinə, eləcə də İnsan Haqları Məhkəməsinə verməyə hazırlaşır. Dənizçilərin hüquqlarını müdafiə edən vəkil artıq bu istiqamətdə hazırlıq işləri aparır. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar