Hillari Klinton: “Biz Gürcüstan məsələsində Rusiya ilə razılaşmırıq”
05 İyul 2010 Bazar Ertəsi 10:15
ABŞ dövlət katibi Hillari Klinton Tiflisə səfəri öncəsi maraqlı bəyanat verib.
“ABŞ qətiyyətlə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına köklənib. Ancaq biz Rusiya hərbi hissələrinin Abxaziya və Cənubi Osetiyada qalması ilə razı deyilik”. Bu fikirləri ABŞ-ın dövlət katibi Hillari Klinton Tiflisə səfəri ərəfəsində İrəvanda səsləndirib.
“Bunun xeyli sübutları da var. Məsələn, İran, Əfqanıstan və başqa məsələlərdə Amerika-Rusiya əməkdaşlığını göstərmək olar”. Bununla belə, H.Klinton bəyan edib ki, bu əməkdaşlıq o demək deyil ki, Vaşinqton bütün məsələlərdə Moskva ilə razıldır.
"Biz rus hərbi bazalarının Abxaziya və Cənubi Osetiyada olması ilə razı deyilik. Gürcüstan sona qədər öz maraqlarını müdafiə edir. Və biz bunu alqışlayırıq. ABŞ və Rusiya ATƏT-in Minsk Qrupunda Dağlıq Qarabağ məsələsinin yoluna qoyulmasında da əməkdaşlıq edir. Ancaq Gürcüstan məsələsində biz Rusiya ilə razılaşa bilmərik”.
Xatırladaq ki, iyulun 1-dən ABŞ dövlət katibi Hillari Klintonun şərqi Avropa ölkələri və cənubi Qafqaza səfəri başlayıb. Bu gün xanım Klinton Gürcüstanda olacaq. Onun prezident Mixail Saakaşvili, bir sıra başqa dövlət təmsilçiləri, müxalifət və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılır.
Bu günə qədər Klinton Ukrayna, Polşa, Azərbaycan və Ermənistanda olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: