Hillari Klinton Azərbaycan xalqını təbrik edib
28 May 2011 Şənbə 09:28
ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan xalqının gücündən mütəəssir olduğunu deyib.
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Hillari Klinton Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, H.Klinton 28 may tarixində Respublika Gününü qeyd edən Azərbaycan xalqını prezident Obama və ABŞ xalqı adından təbrik etməkdən məmnunluq duyduğunu qeyd edib.
"Bu, zəngin mədəniyyətinizə və tarixinizə hörmət ifadə etmək və 20 il öncə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı mühüm nailiyyətləri qeyd etmək üçün xüsusi bir imkandır.
Ötən il Bakıya və ölkənizə ilk dəfə olaraq etdiyim səfərdən məmnun qalmışdım. Azərbaycanın dinamikası və potensialından, Azərbaycan xalqının gücündən mütəəssir olmuşdum.
ABŞ və Azərbaycan qarşılıqlı maraqlara və hörmətə əsaslanan güclü münasibətlərə malikdirlər. Biz bir sıra qlobal çağırışların öhdəsindən gəlmək və fürsətlərdən yararlanmaq üçün əməkdaşlıq edirik. Biz regional təhlükəsizliyi və sabitliyi dəstəkləmək, enerji təhlükəsizliyini genişləndirmək və daha da böyük iqtisadi və siyasi islahatları təşviq etmək istiqamətində çalışırıq. ABŞ ölkələrimiz arasındakı tərəfdaşlığın gücləndirilməsi işinə sadiq olaraq qalır.
Bu xüsusi gündə Azərbaycan xalqına ən xoş arzularımı çatdırırır, ona qarşıda dinc və firəvan bir il diləyirəm”, deyə təbrikdə bildirilir. anspress
DOSTLARINLA PAYLAŞ: