Hido Vestervelle: “Biz Liviyaya hücum etməyəcəyik”
18 Mart 2011 Cümə 10:44
Rəsmi Berlin BMT TŞ-nın Liviya ilə bağlı qətnaməsinə reaksiya verib
Almaniyanın xarici işlər naziri Hido Vestervelle BMT Təhlükəsizlik Şurasının Liviya təyyarələrinin uçuş və enişi, həmçinin onların quruma üzv ölkələrin sərhədlərini keçməsini qadağan edən qətnaməsinə reaksiya verib. ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, Vestervelle bu qərarı “təhlükəli” adlandırıb və alman əsgərlərinin Liviyaya hücumda iştirak etməyəcəklərini bəyan edib.
O eyni zamanda əmin edib ki, ölkəsi əvvəlki kimi Qəddafinin öz xalqına qarşı hərbi əməliyyatları dayandırmalı olmasına dair mövqeyində qalır.
Qeyd edək ki, gecə saatlarında BMT Təhlükəsizlik Şurası Liviya Hərbi Hava Qüvvələrinə ölkə ərazisi üzərində uçuşlar həyata keçirmək, həmçinin Liviyanın hava nəqliyyatına BMT üzvü olan ölkələrin ərazilərində uçmaq, eniş etmək və sərhədlərini keçməyi qadağan edən qətnamə qəbul edib. Qətnamədə Liviyadakı hərbi əməliyyatların dərhal dayandırılması tələb olunur. Bu tələb həm Müəmmar Qəddafinin hökumət qoşunlarına, həm də müxalifətin silahlı dəstələrinə aiddir. Yeni qətnaməyə görə, dünya ictimaiyyətinin Liviyadakı vəziyyətə müdaxilə etmək hüququ var. Lakin sənəddə qeyd olunur ki, birbaşa hərbi müdaxilə nəzərdə tutulmur.
DOSTLARINLA PAYLAŞ: