Hidayət Orucov: “On minlərlə zərərli dini ədəbiyyatın ölkəyə gətirilməsinin qarşısı alınıb”
08 İyul 2010 Cümə Axşamı 14:50
Hidayət Orucov: “Azərbaycan dövləti məscid sökən deyil, məscid tikən dövlətdir”.
“Dövlət zərərli dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması istiqamətində səylərini daha da gücləndirdiyindən, bu sahədə biznes quraraq qanunsuz yolla varlanmaq istəyənlər, həm də ölkəmizdə qeyri-ənənəvi, pozucu ideologiyaların yayılmasında maraqlı olan dairələr məkrli niyyətlərini həyata keçirə bilmirlər”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri bildirib ki, zərərli dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması üçün Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət qurumları sıx əməkdaşlıq edir: “On minlərlə zərərli dini ədəbiyyatın ölkəyə gətirilməsinin qarşısı alınıb. Əvvəlki illərlə müqayisədə, hazırda zərərli dini ədəbiyyatın ölkəyə idxalında kəskin azalma müşahidə olunur. Mütəmadi olaraq respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalara baxışlar keçirilir. Əvvəllər müvafiq razılıq alınmadan ölkəyə çoxlu sayda dini ədəbiyyat idxal edilirdisə, son dövrlər bu cür halların qarşısı alınıb”.

Məscidlərin sökülməsi ilə bağlı məsələyə münasibət bildirən H. Orucov deyib ki, indiyə qədər Azərbaycanda heç bir məscid sökülməyib və bundan sonra da sökülməyəcək: “Söhbət məscid adı altında aparılmış qanunsuz tikililərin sökülməsindən gedə bilər. Qanunsuz tikililərin sökülməsi ilə bağlı qərarlar məhkəmələr tərəfindən verilir və onlara siyasi don geyindirmək doğru deyil. Xüsusilə də əcnəbi din xadimlərinin bu məsələ ilə bağlı böhtan xarakterli fikirləri qəbuledilməzdir. Heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana idxal etmək fikrinə düşməməlidir. Çünki bizim bu sahədə sahib olduğumuz təcrübə, tutduğumuz yol digər ölkələrə nümunə göstərilir. Azərbaycan müsəlmanlarını, ümumiyyətlə, müsəlmanları məzhəblərə bölmək, onlar arasında ayrı-seçkilik salmaq, onları üz-üzə qoymaq heç kimə başucalığı gətirməz. Azərbaycan dövləti məscid sökən deyil, məscid tikən dövlətdir”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar