Hidayət Orucov: "Dini ibadət yerlərinin tikintisi DQİDK-nın razılığı ilə olmalıdır"
16 Avqust 2010 Bazar Ertəsi 23:10
Hidayət Orucov: "Məqsəd onların nə dərəcədə təmiz pullarla tikilməsinə nəzarəti təmin etməkdir"
“Azərbaycanda müəyyən kiçik dairələrdə radikallığa, hətta ekstremizmə meyllər müşahidə olunur”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib ki, belə meyllər hələ mövcud olsa da, onlar təhlükə mənbəyi hesab olunmur. Komitə sədri ölkəmizdə fəaliyyət göstərən 400 dini icmadan bir çoxunun sənədində ciddi problemlərin olduğunu da bildirib.

“Xarici ölkələr tərəfindən idarə olunan və məqsədi Azərbaycanı dini poliqona çevirmək, ölkələrindəki din-dövlət sistemini burada tətbiq etməkdən ibarət dini cərəyanların sayı son zamanlar azalsa da, bu problem tam aradan qaldırılmayıb. Hazırda ölkədə mövcud olan “Dini etiqad azadlığı haqqında” qanun bütün dini qurumların fəaliyyətinə münbit şərait yaradır. Ancaq dindən sui-istifadə edərək məkrli niyyətlərinə çatmaq istəyən qüvvələr, missioner təşkilatlar insan ləyaqətini alçaldan dini cəryanlar qanunla daha çox səlahiyyət əldə etmək arzusu ilə hələ də ortaya müxtəlif iddialar qoymaqdadır”,-deyə komitə sədri qeyd edib.

Hidayət Orucovun sözlərinə görə, hazırda dövlət qeydiyyatından yalnız 400 icma keçib.

“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərə müvafiq olaraq dini ibadət yerlərinin tikinitsi və bərpa işləri də komitəyə həvalə olunub. Hidayət Orucovun sözlərinə görə, artıq bununla bağlı yaradılmış komissiyaya çoxsaylı müraciətlər daxil olsa da, razılıq alanların sayı məhduddur. “Yalnız İçərişəhərdəki Məhəmməd məscidinin layihəsi bəyənilərək bərpası məsləhət görülüb, qalanları üzərində işləmək lazımdır. Bundan sonra məscid tikintisi, kilsələrin, sinaqoqların, dini ibadət yerlərinin tikintisi və əsaslı təmiri yalnız komitənin razılığı ilə olmalıdır”,-deyə komitə sədri bildirib.

Hazırda ölkədə 1750 məscid fəaliyyət göstərdiyini deyən Hidayət Orucov qeyd edib ki, komissiyanın məqsədi məscid tikintisini məhdudlaşdırmaq yox, onların nə dərəcədə Allah evi kimi fəaliyyət göstərməsinə və təmiz pullarla tikilməsinə nəzarəti təmin etməkdir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar