Hidayət Orucov: “Azərbaycanda radikallığa, ekstremizmə meyllər müşahidə olunur”
16 Avqust 2010 Bazar Ertəsi 18:10
“Azərbaycanda müəyyən kiçik dairələrdə radikallığa, hətta ekstremizmə meyllər müşahidə olunur. Biz deyə bilmərik ki, onlar yoxdur, var. Ancaq kiçik dairələri əhatə edir”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.
Komitə sədri vurğulayıb ki, həmin kiçik dairələrin Azərbaycan xalqı, o cümlədən dindarları tərəfindən dəstəyi yoxdur: “Azərbaycan xalqının, cəmiyyətinin intellekti, dünyagörüşü bu cür meylləri birmənalı olaraq rədd edir, qəbul etmir. Bunlar da böyük gerçəkliklərdir. Ayrı-ayrı qruplar öz maraqları, qrup maraqları, şəxsi maraqları, iqtisadi maraqları üçün, bəziləri isə xarici müəyyən qurumların təəssüf ki, təbəəliyini qəbul edərək bizim mənəviyyatımıza, mədəniyyətimizə, səviyyəmizə, milli-mənəvi dəyərlərimizə, xalqımızın iradəsinə zidd addımlar atmağa cəhd edirlər. Amma bunların heç birinin perspektivi yoxdur. Ümumiyyətlə, bunların Azərbaycan cəmiyyətində fikir formalaşdırmaq, Azərbaycan cəmiyyətinə istər siyasi, istərsə də ictimai proseslərə təsir etmək imkanları yoxdur”.

H. Orucov ölkəyə dini ədəbiyyatların gətirilməsi ilə bağlı durumun tamamilə stabilləşdiyini, bu sahədə problemin olmadığını deyib: “Düzdür, ölkəyə zərərli ədəbiyyatlar gətirilir. Ancaq onlara Azərbaycan kitabxanalarında, kitab mağazalarında yer yoxdur. Bunlar qaçaqmalçılıq yolu ilə gətirilən kitablardır”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar