Heydər Mirzə: Urmiyada etirazlar siyasi mahiyyət daşıyır
07 Sentyabr 2011 Çərşənbə 16:37
SAM-ın eksperti Heydər Mirzə Cənubi Azərbaycandakı etiraz aksiyalarına münasibət bildirib.
“İranda Urmiya gölünün qurudulmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar daha çox siyasi mahiyyət daşıyır”. Bunu ANS PRESS-ə müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Daxili siyasətin təhlili şöbəsinin elmi işçisi Heydər Mirzə bildirib.

Bu etiraz aksiyalarının ərəb ölkələrində baş verən silsilə inqilabların ardı ola biləcəyi ehtimalına aydınlıq gətirən ekspert bildirib ki, əslində İranda bu cür etiraz aksiyalarının “Ərəb inqilabları” dalğasından öncəki dövrlərdə baş verməsi amilini nəzərə almaq lazımdır.

“Təbii ki, Yaxın Şərqin digər ölkələrində mövcud olan siyasi proseslərin bənzəri İranda da var, lakin bu ölkədə iqtisadi və sosial durum Liviya, Suriya və ya Yəməndəkindən qat- qat yaxşıdır və müqayisə oluna bilməz. Məncə, səbəblər daha çox siyasidir. Həmçinin nəzərə almaq lazımdır ki, İran özlüyündə nəhəng və mürəkkəb bir dövlətdir və regional proseslərdən başqa orada daxili siyasi proseslər çox böyük rol oynayır. Belə proseslər arasında cəmiyyətin nisbətən iri olan iki qrupa – mühafizəkar və liberallara bölünməsi, İranın dini rəhbərliyi ilə hökuməti arasında müəyyən narazılıqlar, son kadr dəyişiklikləri, tələbələrin siyasi cəhətdən aktivləşməsi və s. sadalamaq olar. Bunların bəziləri ümumən regionda baş verən bir “oyanış” çərçivəsində təhlil olunsa da, əsasən ilk növbədə İranın daxili siyasi kontekstindən doğur”, - deyə Heydər Mirzə qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan indiki halda məsələni sadəcə olaraq diqqət mərkəzində saxlaya bilər. “Çünki, diqqət mərkəzimizdə olsa da, bu, İran dövlətinin daxili məsələsidir və heç kim bu işə qarışa bilməz”, - deyə o bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar